EN

Ən uzun tıxac harada olub və nə qədər davam edib?

ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dayanmış avtomobilləri, sonsuz qırmızı işıqları və ya insanlarla dolu piyada keçidini gözləmək olduqca yorucudur. Böyük şəhərlərdə yaşanlar tıxaclarla tanışdır. Tıxaclar adətən saatlarla davam edə bilir. Bəs 12 gün tıxacda qalacağınızı təsəvvür edə bilərsinizmi?

Bu hadisə 2010-cu il avqustun 14-də Çində baş verib. İnsanlar bir neçə saat deyil, günlərlə tıxacda qalıblar. 100 kilometrdən çox uzanan və 12 gün davam edən tıxac minlərlə avtomobilin hərəkətini məhdudlaşdırıb.

Tıxac Çinin ən işlək yollarından ikisi olan G110 və Pekin-Tibet magistrallarında yaranan bir xaos idi. Sürücülər maşınlarını gündə 1 km güclə hərəkət etdirə bilirdilər, bəziləri isə bu tıxacda beş-altı gün ümumiyyətlə hərəkət edə bilmirdilər.

Bu tıxacın əsas səbəbi G110 milli magistralında başlayan və Pekinə gedən ağır yük maşınlarından gələn trafikin qəfil artmasına səbəb olan təmir işləri idi. Bu təmir yolun ötürmə qabiliyyətini 50% azaldıb və tıxacın yaranmasına böyük töhfə vermişdi.

Üstəlik, təmirin daha bir ay və ya daha çox müddətdə başa çatdırılması gözlənilmirdi. Təbii ki, bu müddət ərzində bəzi qəzalar baş verdi və vəziyyət xeyli pisləşdi.

Tıxacın digər səbəbi Monqolustandan paytaxt Pekinə kömür daşıyan yük maşınlarının sayının artması idi. 2009-cu ildə daşınan kömürün miqdarı 602 milyon ton olduğu halda, 2010-cu ildə bu məbləğ 730 milyon tona yüksəlmişdi. Bu, həm də magistralda yük maşınlarının sayının artması demək idi. 

Bu zaman böhrandan yararlanmağa çalışanlar da vardı. Tıxacda qalan insanlara müxtəlif məhsullar, o cümlədən su, fəst-fud, siqaret baha qiymətə satılırdı. Məsələn, bir şüşə suyun qiyməti 1 yuan olduğu halda, yol kənarındakı satıcılar bunun üçün 15 yuan alırdılar.

Bütün bu müddət ərzində səlahiyyətlilər yük maşınlarını müxtəlif marşrutlara yönəldərək və insanlara nəqliyyat vasitələrindən istifadə etməməyi söyləyərək hərəkəti azaltmağa çalışdılar. Həmçinin kömür şirkətlərindən daşıma əməliyyatlarını təxirə salmağı xahiş etdilər. Magistral yolun sutkada təqribən 10.000 nəqliyyat vasitəsini daşımaq qabiliyyəti var, lakin bu sıxlıq rəqəmi 14.000-ə çatdırmışdı.

Birinci həftənin sonunda səlahiyyətlilərin həll yolları uğursuz görünürdü, lakin zaman keçdikcə insanlar magistral yoldan istifadə etməyi dayandırdılar. Nəhayət, 12 günlük xaos bununla sona çatdı.

Çin o vaxtdan bəri bir çox nəqliyyat problemi ilə üzləşib, lakin 2010-cu ilin avqustunda baş verən blokadanın dünya tarixində ən pis hadisə olduğuna inanılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
banco.az

2Sources