EN

Vaşinqtondan yeni yanaşma: ABŞ Senatı Fələstin dövlətini tanımağa hazırlaşır

ain.az, Bizimyol saytına istinadən bildirir.

Son zamanlar ABŞ-ın Yaxın Şərq siyasətində dəyişikliklərin müşahidə olunduğu bir dövrdə, ABŞ Senatında Fələstin Dövlətinin tanınması ilə bağlı ilk rəsmi təşəbbüs irəli sürülüb.

Bizimyol.info xəbər verir ki, bu təşəbbüs, ABŞ-da İsrailə münasibətdə siyasi və ictimai fikirdə müəyyən dəyişikliklərin baş verdiyinin daha bir göstəricisi kimi qiymətləndirilir. Qeyd olunan təşəbbüs, İsrailin Qəzza zolağında HƏMAS-la apardığı müharibənin başlanmasından təxminən iki il sonra gündəmə gəlib.

Senatın demokrat üzvləri tərəfindən irəli sürülən bu qətnamə, Birləşmiş Ştatların Fələstin dövlətini tanımasına çağırır. Təşəbbüsə rəhbərlik edən Oregon ştatından demokrat senator Ceff Merkli: "Amerika liderlik məsuliyyətini öz üzərinə götürməlidir. İndi hərəkətə keçməyin zamanıdır", - deyə bildirib.

Bu sözlər, ABŞ-ın Yaxın Şərqdə daha balanslı mövqe sərgiləməsinin vacibliyini vurğulayan çağırış kimi dəyərləndirilir. Senatorun fikrincə, Fələstin xalqının dövlətçilik hüququ beynəlxalq hüquq normalarına uyğun olaraq tanınmalıdır.

Lakin bu təşəbbüsün ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul olunması az ehtimalı edilir. Çünki Palatada əksəriyyətə sahib olan Respublikaçılar, xüsusilə də prezident Donald Trampın tərəfdarları bu məsələdə sərt mövqe nümayiş etdirirlər. Tramp, Böyük Britaniyanın Baş naziri Keir Starmerin Fələstin dövlətini tanımaq fikrinə açıq şəkildə qarşı çıxdığını bildirib. Hazırkı mərhələdə bu təşəbbüsə bir nəfər də olsun respublikaçı senator dəstək verməyib.

Qeyd edək ki, son illərdə bir sıra Avropa ölkələri – o cümlədən Norveç, İrlandiya və İspaniya – Fələstin dövlətini rəsmi şəkildə tanıyıblar. Bu dalğa, beynəlxalq aləmdə Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququna daha çox diqqət yetirildiyini göstərir.

ABŞ-ın bu istiqamətdə atacağı istənilən addım, həm beynəlxalq diplomatik münasibətlərə, həm də Yaxın Şərqdə sülhün və sabitliyin təmin edilməsinə ciddi təsir göstərə bilər. ABŞ-ın tarixi olaraq İsrailə güclü dəstək verdiyini nəzərə alsaq, bu cür təşəbbüsün irəli sürülməsi belə özlüyündə vacib siyasi hadisədir.

ABŞ Senatında Fələstin Dövlətinin tanınması ilə bağlı təqdim olunan ilk rəsmi təşəbbüs, ölkə daxilində və beynəlxalq aləmdə geniş rezonans doğurub. Hazırda təşəbbüsün qanunvericilik səviyyəsində qəbul olunacağı real görünməsə də, bu addım Amerika siyasətində müəyyən dəyişikliklərin baş verdiyini və Fələstin məsələsinə münasibətin daha çox humanitar və hüquqi prizma ilə dəyərləndirilməyə başladığını göstərir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
bizimyol.info

1Sources