EN

20 Sentyabr – Qarabağın Dirçəliş Günü: Qələbədən Quruculuğa



Azərbaycanın ərazi bütövlüyünün tam bərpası yolunda 2023-cü ilin 20 sentyabrı müstəsna əhəmiyyət daşıyan bir tarix kimi yadda qaldı. Məhz həmin gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri üzərində dövlət suverenliyi bərpa edildi və bu mühüm hadisə Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Artıq hər il 20 sentyabr ölkəmizdə "Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü" kimi qeyd olunur və bu tarix milli həmrəyliyin, qürurun və dövlətçilik ənənələrinin simvoluna çevrilib.
Azərbaycanın gücünü və birliyini nümayiş etdirən ən əlamətdar anlardan biri də 2023-cü il noyabrın 8-də – Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümündə Xankəndi şəhərində təşkil edilən hərbi parad oldu. İlk dəfə olaraq bu qədim şəhərdə keçirilən parad Azərbaycanın suverenliyini beynəlxalq aləmə nümayiş etdirdi. Eyni zamanda, bu tədbir torpaqlarımız üzərində əbədi dövlət nəzarətinin rəmzinə çevrildi.
Azərbaycan hökuməti yalnız ərazi baxımından deyil, intellektual və sosial baxımdan da Qarabağın inkişafını təmin etmək üçün mühüm addımlar atır. Qarabağ Universitetinin yaradılması bu baxımdan xüsusi önəm daşıyır. Gənclərə keyfiyyətli təhsil imkanları yaratmaqla yanaşı, bu ali məktəb bölgənin elmi və iqtisadi potensialını da artıracaq.
Prezident İlham Əliyevin Xocavənd rayonuna etdiyi səfərlər bu bölgəyə verilən yüksək önəmin göstəricisidir. Bu səfərlər zamanı həyata keçirilən layihələr və atılan addımlar rayonun planlı şəkildə bərpasını əks etdirir:
Böyük Tağlar, Edilli, Düdükçü, Tuğ və Azıx kəndlərinə səfərlər, tarixi və mədəni abidələrin öyrənilməsi;
Hadrutda Dövlət Bayrağının ucaldılması və yol infrastrukturunun təməli;
Azıx mağarası və alban məbədlərinin qorunması;
Yeni hərbi hissələrin, məktəblərin, inzibati binaların və yaşayış komplekslərinin tikintisi;
“Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı;
Hadrutun turizm konsepsiyasının təqdimatı;
Qırmızı Bazar və digər yaşayış məntəqələrinə səfərlər;
Hadrutda yeni məscidin istifadəyə verilməsi və yerli əhali ilə görüşlər.
Bu fəaliyyətlər bölgənin sosial, mədəni və iqtisadi həyatında mühüm dönüş nöqtəsi oldu.
20 sentyabr tarixi təkcə hərbi-siyasi baxımdan deyil, həm də bərpa və quruculuq proseslərinin başlanğıcı kimi qiymətləndirilir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın ayrılmaz hissəsi olaraq, sürətlə inkişaf edir. Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu ərazilərdə həyat yenidən canlanır – məktəblər tikilir, yollar çəkilir, ailələr geri qayıdır.
Qarabağın azad olunmuş şəhərlərində ucalan üçrəngli bayraq, salınan infrastruktur və bərpa olunan mədəni irs göstərir ki, Azərbaycan xalqı öz tarixi ədalətini bərpa edib. Bu torpaqlarda artıq sabitlik, təhlükəsizlik və rifah bərqərardır.

Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi



Chosen
24
aia.az

1Sources