İngiltərənin keçmiş baş naziri Toni Bleyr tərəfindən ABŞ-ın dəstəyi ilə hazırlanan Qəzza üçün müharibədən sonrakı administrasiya planının təfərrüatları ortaya çıxıb.
Hafta.az-ın “Times of Israel”ə istinadən yazdığına görə, Bleyr bu plan üzərində işə müharibənin ilk aylarında başlayıb. Mənbələr bildirirlər ki, prezident Donald Trampın son siyasəti ilə bu, “müharibəyə son qoymaq” planına çevrilib.
Avqustda Ağ Evdə keçirilən Qəzza görüşündə Bleyr və Trampın kürəkəni Jared Kuşnerin iştirakı da böyük marağa səbəb olub.
“Times of Israel” tərəfindən nəzərdən keçirilən layihə mətni “Qəzza Beynəlxalq Keçid Təşkilatı” adlı müharibədən sonrakı strukturun yaradılmasını nəzərdə tutur.
Üstəlik, mətndə fələstinliləri öz torpaqlarından didərgin salmaq planından bəhs edilmir. Əvəzində köçkün qəzzalıların bölgəyə qayıtmasını və ya mülkiyyət hüquqlarının qorunub saxlanmasını təmin etmək üçün “Mülkiyyət Hüquqlarının Müdafiəsi Bölməsi”nin yaradılmasını təklif edir. Planlarla tanış olan mənbə deyib: “Bizim Qəzzə əhalisini bölgədən çıxarmaq planımız yoxdur. Qəzza Qəzza xalqına məxsusdur”.
Tramp fevralda verdiyi bəyanatda fələstinliləri Qəzzanı “könüllü tərk etməyə” çağırıb və ərazini turizm məkanına çevirmək planlarını açıqlayıb. ABŞ prezidentinin Qəzza zolağının “Yaxın Şərqin Rivierası”na çevrilməsi planı geniş tənqidlərə səbəb olub.
Bununla belə, ABŞ rəsmisi deyir ki, avqust görüşündə Tramp bu plandan uzaqlaşaraq Bleyrin layihəsinə daha çox meyl etdiyini bildirib.
Bu arada İsrailin radikal sağçı maliyyə naziri Bezalel Smotriç dünən Qəzza zolağının daşınmaz əmlak layihələri üçün “böyük imkan” yaratdığını və bu planları Vaşinqtonla müzakirə etdiyini bildirib.
Fələstin Milli Administrasiyasının rolu nə olacaq? Fələstin prezidenti Mahmud Abbas iyulda Toni Bleylə görüşüb və müharibədən sonrakı dövrdə Qəzzanın idarəçiliyini ələ keçirmək istədiklərini bəyan edib. Bununla belə, Bleyrin planı Abbasın rəhbərliyi altında Fələstin Milli Administrasiyası üçün əhəmiyyətli islahatları nəzərdə tutur.
O, həmçinin Ramallah hökumətinin Qəzza üzrə Beynəlxalq Keçid Təşkilatında iştirakını koordinasiya rolu ilə məhdudlaşdırmağı planlaşdırır. Bununla belə, layihədə məqsədin “bütün Fələstin ərazilərinin Fələstin Muxtariyyəti altında birləşdirilməsi” olduğu bildirilir.
Danışıqlarla tanış olan mənbələr Təl-Əviv hökumətinin Bleyrin planına müsbət yanaşdığını iddia edir. Bununla belə, bir ərəb diplomat deyir ki, İsrail lideri Benyamin Netanyahu son anda kursu geri qaytararaq prosesi poza bilər.
Trampın bu plana xüsusi olaraq Səudiyyə Ərəbistanından dəstək istədiyi də bildirilir. O da qeyd olunur ki, İsrailin sentyabrın 9-da Dohaya hücumu prosesi çətinləşdirib. Həmçinin bildirilir ki, Bleyr planına dəstək toplamaq üçün Qətər və Misirlə əlaqələri davam etdirir.
Toni Bleyr 27 iyun 2007-ci ildən 27 may 2015-ci ilədək Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, ABŞ və Rusiyadan ibarət Yaxın Şərq Dördlüyünün xüsusi nümayəndəsi vəzifəsində çalışıb. 1997-2007-ci illərdə Birləşmiş Krallığın Baş naziri olan Bleyr ABŞ-ın İraqdakı 2003-cü il müharibəsinə verdiyi dəstəyi ilə müharibənin əsas fiquruna çevrildi.