EN

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilir

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinin növbəti mərhələsinə start veriləcək. XQ xəbər verir ki,ilk yarış günündə həm "Formula 1", həm də "Formula 2" üzrə bir sıra vacib sessiyalar keçiriləcək.

Günün proqramına əsasən, saat 10:00-da "Formula 2"də sərbəst yürüş, saat 12:30-da isə "Formula 1" pilotlarının birinci sərbəst yürüşü baş tutacaq. Ardınca saat 14:30-da "Formula 2" üzrə sıralama turu keçiriləcək. Günün son yarış tədbiri isə saat 17:00-da başlayacaq – "Formula 1" üzrə ikinci sərbəst yürüş.

20 döngə və 51 dövrədən ibarət olan Bakı Şəhər Halqası ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtda ilk "Formula 1" yarışı 2016-cı ildə Avropa Qran-prisi adı ilə təşkil olunub. 2017-ci ildən etibarən isə yarış Azərbaycan Qran-prisi kimi tanınır.

Bu illər ərzində Bakıda birinciliyi qazanmış pilotlar arasında Niko Rosberq, Daniel Rikkardo, Lyuis Hemilton, Valtteri Bottas, Serxio Peres, Maks Ferstappen və Oskar Piastri yer alır. Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası səbəbilə yarış keçirilməyib.

Hazırda fərdi hesabda "Maklaren" pilotu Oskar Piastri 324 xalla liderlik edir. Onun komanda yoldaşı Lando Norris 293 xalla ikinci, "Red Bull"dan Maks Ferstappen isə 230 xalla üçüncü sıradadır.

Konstruktorlar Kubokunda da "Maklaren" birinci pillədədir – 617 xal. "Ferrari" (280 xal) ikinci, "Mersedes" (260 xal) isə üçüncü yerdə qərarlaşıb.

Azərbaycan Qran-prisinin ilk günündə keçiriləcək yarışlar azarkeşlərə maraqlı və gərgin anlar vəd edir.

Chosen
21
18
xalqqazeti.az

10Sources