Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazana bilər.
Arena.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil edilmiş dünya çempionatı davam edir.
Bu gün yunan-Roma güləşi üzrə 4 çəkidə mübarizəyə start verilib.
Eldəniz Əzizli (55 kq) hindistanlı Anil Mora tam üstünlüklə (8:0) qalib gələrək 1/4 finala yüksəlib. Titullu güləşçimiz amerikalı Ceyden Raneyə də şans tanımayıb – 5:1. Milli komandanın kapitanı yarımfinalda iranlı Payam Balutakiyə 1:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
Sənan Süleymanov (77 kq) isveçli Per Olofssona 5:0 hesabıyla qalib gələrək 1/8 finala yüksəlib. Həmyerlimiz çinli Çunyanq Panı isə vaxtından əvvəl (8:0) mübarizədən kənarlaşdırıb. Sənan Süleymanov 1/4 finalda iranlı Alireza Abdevaliyə 1:3 hesabıyla məğlub olub.
Qurban Qurbanov qətərli Şahin Badağimofradı ilk xal prinsipinə əsasən (1:1) üstələsə də, 1/4 finalda yaponiyalı Taizo Yoşidaya uduzub – 8:9.
Beka Kandelaki təsnifat mərhələsində ermənistanlı Razmik Kurdyana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.