EN

Xüsusi nümayəndə: İlin sonunadək Xocavəndə 1552 ailənin köçürülməsi nəzərdə tutulub  

Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa-quruculuq işləri sürətlə davam edir. Bu yaxınlarda Prezidentin növbəti səfəri zamanı Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməli qoyuldu. Xocavənd rayonunda isə ilk əhali qrupunun köçürülməsinə başlanılıb. Hadrut, Qırmızı Bazar qəsəbələrinin və Sos kəndinin hər birində 10 ailənin ilk bərpa olunmuş yaşayış evlərinə köçü təmin edilib. Bu yaşayış məntəqələrindən başqa, ilin sonunadək Xocavənd rayonuna ətraf kəndlər və Xocavənd şəhəri də daxil olmaqla, ümumilikdə, 1552 ailənin köçürülməsi nəzərdə tutulub. Bu proses gələn il də davam edəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda jurnalistlərə müsahibəsində deyib.

E.Hüseynov bildirib ki, Ağdam və Füzulidə “Böyük Qayıdış” Proqramında nəzərdə tutulmuş layihələrin icrası qrafikə uyğun davam etdirilir: “Ağdam şəhərinə bu ilin oktyabr-noyabr-dekabr ayılarında ilk köçün reallaşacağını gözləyirik. 2-ci yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir. 4-cü və 5-ci yaşayış komplekslərinin də tikintisinə başlanılıb. Eyni zamanda, sentyabr-oktyabr aylarında 3-cü yaşayış kompleksinin və ilin sonuna doğru 1-ci yaşayış kompleksinin tikintisinə başlanılacaq. Füzuli şəhərində 2-ci yaşayış kompleksində şaquli planlama işlərinə bu ay start verilməsi planlaşdırılır. İlin sonunda isə tikinti işlərinə başlanılacaq. Gələn ilin əvvəllərində 3-cü yaşayış kompleksinin icrasına başlanılması nəzərdə tutulur.

O qeyd edib ki, indiyədək Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində də yaşayış təmin olunub. Sentyabr ayında Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinin tikintisinə start verilib. Baş Qərvənd kəndinin inşası Slovakiyadan olan mütəxəssislər tərəfindən həyata keçiriləcək. Hər iki kəndin inşasının 2026-cı ilin sonunadək yekunlaşması nəzərdə tutulur.

Füzuli rayonunda Dövlətyarlı kəndinin də tikintisinə başlanılıb. Sentyabr ayında Yal Pirəhmədli kəndinin tikintisinə start veriləcək. Qaraxanbəyli kəndinin tikinti layihəsi də yekunlaşmaq üzrədir. İlin sonunadək onun da tikintisinə başlanılacaq. Beləliklə, Füzulidə 3, Ağdamda isə 5 kənddə tikinti işləri 2026-cı ilin sonunadək tamamlanacaq.

Chosen
21
8
azerbaijan-news.az

9Sources