EN

Universitetlərdə praktika uzadılsın: “Məzunlar işə daha hazırlıqlı olacaq”

Universitetlərdə praktikaların müddətinin artırılması təhsil keyfiyyətinin yüksəldilməsi, əmək bazarına uyğun kadrların hazırlanması və gənclərin iş tapmaq imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayır. Hazırda Azərbaycanda əksər ali məktəblərdə praktika müddəti 4-6 həftə arasında müəyyənləşdirilir ki, bu da tələbələrin nəzəri biliklərini real mühitdə sınaması üçün kifayət etmir. Halbuki “Təhsil haqqında” Qanunun 14.2-ci maddəsində açıq göstərilir ki, ali təhsilin əsas məqsədlərindən biri əmək bazarının tələblərinə uyğun kadr hazırlığıdır.

Bu fikirləri təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib.

168125

Statistika və iş tapmaq imkanları

"Azərbaycanda universitet məzunlarının 35-40 faizi təhsil aldıqları ixtisas üzrə ilk illərdə işlə təmin olunmur. Bunun səbəblərindən biri işəgötürənlərin “təcrübə” tələb etməsi, lakin məzunların bu təcrübəyə malik olmamasıdır. Əgər universitetlərdə praktika müddəti artırılaraq ən azı bir semestr davam etsə və bu proses rəsmi sənədləşdirilsə, tələbələr həm real təcrübə qazanacaq, həm də CV-lərində bunu göstərməklə iş tapmaqda üstünlük əldə edəcəklər".

Beynəlxalq təcrübə nə deyir?

"Dünya təcrübəsinə baxdıqda, Almaniyanın “dual təhsil” modelində tələbələr təhsil müddətinin yarısını iş yerlərində keçirir və bu təcrübə rəsmi şəkildə tanınır. Finlandiyada bakalavr pilləsində ən azı bir semestr praktika tələb olunur. Türkiyədə isə bir çox universitetdə son semestrlər məhz praktika formasında təşkil edilir. Azərbaycanda isə praktika çox vaxt formal xarakter daşıyır, müəssisələr tələbələri qəbul etsə də, onları real iş prosesinə cəlb etmir".

Nazirliyin təşəbbüsləri və balanslı yanaşma

"Elm və Təhsil Nazirliyi son illərdə praktika məsələsinə xüsusi diqqət ayırır. Nazirlik universitetlərlə müəssisələr arasında əməkdaşlıq müqavilələrinin genişləndirilməsi və tədris planlarının əmək bazarına uyğunlaşdırılması istiqamətində iş aparır. Bu yanaşma tələbələrin gələcək karyera imkanlarını genişləndirəcək, ali təhsilin dəyərini artıracaq.

Praktika müddətinin artırılması və rəsmiləşdirilərək tələbələrin CV-lərində iş təcrübəsi kimi tanınması məzunların iş tapmaq imkanlarını xeyli yaxşılaşdıracaq. Bu yanaşma həm dövlətin kadr siyasətinə, həm də gənclərin şəxsi karyera inkişafına müsbət təsir göstərəcək. Beynəlxalq təcrübə ilə uyğunlaşdırılmış praktika modeli universitetlərin əmək bazarına daha hazırlıqlı kadrlar təqdim etməsinə imkan verəcək".

Chosen
26
azedu.az

1Sources