EN

Parlamentin Gənclər və idman komitəsinin qarşıdakı sessiya üçün iş planı təsdiqlənib

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Milli Məclisin Gənclər və idman komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Şahin İsmayılov çıxış edərək gündəliyə 2 məsələnin daxil edildiyini bildirib. O, əvvəlcə 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Gənclər və idman komitəsində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, sessiya ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan 85 ərizə daxil olub, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Həmçinin komitə üzvləri vətəndaşlarla çoxsaylı görüşlər keçirib, onları narahat edən məsələlərin həlli istiqamətində tədbirlər görüblər.

Sonra Şahin İsmayılov Gənclər və idman komitəsinin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, iş planında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, komitənin fəaliyyət istiqamətləri çərçivəsində ictimai dinləmələrin təşkili, vətəndaşlarla görüşlərin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müavini Könül Nurullayeva, komitə üzvləri Asif Əsgərov, Vüqar İskəndərov, Eyvaz Qurbanov, Göydəniz Qəhrəmanov, Mahir Süleymanlı çıxış edib, rəy və təkliflərini bildiriblər.

İclasda komitənin ötən sessiya dövründə görülən işlər barədə hesabatı məqbul hesab olunub, qarşıdakı sessiya üçün iş planı təsdiqlənib.

Chosen
17
4
azertag.az

5Sources