EN

Siyasət bir peşə növü kimi-Asif Adil yazır

Çox qəribə dövrdə yaşayırıq, bəzi qəribəliklərə elə alışmışıq ki, onlara artıq heç diqqət belə yetirmirik. Dost niyyəti ilə yanaşana şübhə ilə baxırıq, əksinə sənə şübhə ilə yanaşanı isə özümüzə dost etmək istəyirik. Mütəxəssislərin rəyinə inanmırıq, ancaq kiminsə beyin məhsulu olan süni intellektin rəyini bütləşdiririk. Əgər müvafiq sorğu keçirilsə böyük ehtimal ilə müəyyən olunacaqdır ki, sosial şəbəkələrin orta statistik istifadəçisi müqayisə olunmaz dərəcədə virtual məkanında daha çox zaman keçirir nəinki, öz doğmaları ilə ünsiyyətdə. Yeri gəlmişkən qeyd edək ki, sözügedən amil qaçılmaz olaraq “səmimiyyət” məfhumunun məzmun etibarı ilə deformasiyasına gətirib çıxardır. Müasir yeniyetmə və gənclərin davranışında müşahidə etdiyimiz bəzi tendensiyalar məhz qeyd etdiyimiz “təbii” proseslərin davamıdır. Bu arada, onu da qeyd edək ki, virtual ilə real həyat arasındakı sərhəd də tədricən pozulur. Bəzi insanlar real həyatda ünsiyyət zamanı şəxsin fərdi arealını pozduğu kimi, internet də artıq bizim gündəlik həyatımıza, eləcədə  fərdi seçimlərimizə təsir edir.

Məhz “təsir” kontekstində internet resurslarının müxtəlif səhifələrinə diqqət edən  zaman təsadüfən rastlaşdığım bir videoya baxandan sonra yaşanmış hissləri bölüşmək istərdik. Əlbəttə ki, etik qaydaları qoruyaraq şəxslərin adlarını çəkməyəcəyik. Mövcud halda konkret bir siyasətçinin davranışı hədəf deyil, burada söhbət ümumi məzmundan gedir. Belə ki, bəhs etdiyimiz videoda iki mininci illərin əvvəllərində müxalifətdə olan bir neçə siyasi partiya sədri bir-birinin ünvanına çox ağır təhqirlər səsləndirirdilər. Həmin an çox sevindim ki, bu videoya qulaqcıq taxaraq baxıram. Sonra isə bundan daha betər vəziyyət yarandı. Sosial şəbəkələrin fəaliyyət alqoritmi elədir ki, hətta təsadüfən bir görüntüyə baxsan belə daha sonra internet resursu sənə davamlı olaraq analoji kontentdə (məzmununda) olan materialları sözün əsl mənasında davamlı olaraq sırıyır.

Elə ona görə də peşmançılığım bundan sonra başlandı. Qeyd etdiyim videodan sonra qarşıma elə görüntülü materiallar çıxdı ki, onlara davamlı baxsan ümumiyyətlə insanın siyasətə qarşı, yumşaq desək ağır allergiyası yarana bilər. Böhtan, söyüş, səviyyəsiz ritorika, ucuz ifadələr, məzmunsuz nitq, küçə və “blatnoy” aləmin davranışı – bir sözlə, insanın daha çox vəhşi heyvanlar aləminə aid olduğunu xatırladan mənzərələr sənin psixoloji durumuna təsir etməyə bilməzlər.

Bu cür videolara baxandan sonra siyasətin istedadlı gənclər arasında nədən populyar fəaliyyət istiqamətlərindən biri olmadığını daha aydın şəkildə anlayırsan. Axı nifrət, kin, şər və böhtan dolu sahə ilə şüurlu şəkildə öz ömrünü kim bağlamaq istəyər ki?! Məhz bu cür “görüntülər” sayəsində çoxumuz unutmuşuq ki, “müxalifətçilik” də bir peşə növüdür və digər sahələrdə olduğu kimi burada da uğur qazanmaq istəyirsənsə peşəkar olmağa çalışmalısan. Təəssüf ki, bəzilərin ucuz populizm və demaqogiyaları səbəbindən “müxalifətçilik” bir siyasi institut və peşə kimi təhrif olunub və ifrat dərəcəsində eybəcərləşdirlib.

Tam məsuliyyətlə iddia edə bilərik ki, məhz iqtidarın təşəbbüsü ilə ölkəmizdə siyasi dialoq mühiti fəal şəkildə təşviq olunmağa başlayandan sonra Azərbaycanın siyasi həyatında yeni inkişaf mərhələsi yaşanır. Bu mərhələ təkcə yeni münasibətlər sisteminin yaranması ilə müşahidə olunmur, dialoq siyasi münasibətlər sahəsinə ictimai ümid qataraq siyasətə yaradıcı qüvvə kimi baxmağa səbəb olub. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin yeni siyasi konfiqurasiya ilə bağlı olan fikirlərinin ictimailəşdirilməsi məhz aktiv şəkildə siyasi dialoq mühitinin təşviq olunması ilə təqribən eyni dövrdə baş vermişdir. Bu mənada yeni siyasi konfiqurasiya ilk növbədə həm də yeni siyasi mədəniyyətin formalaşdırılması deməkdir.

Təqribən son 5-6 il ərzində mövcud istiqamətdə elə bir məsafə fəth olunub ki, cəmi 7-10 il öncə siyasi münasibətlər sistemində norma hesab olunan davranış qaydaları indi isə sağlam dialoqa öyrəşən insan üçün çox eybəcər və hətta qəbulolunmaz kimi gəlir. Siyasi dialoq mühiti sayəsində vaxtilə bir-biri ilə düşmənçilik edən siyasi partiyalar bu gün bir masa ətrafında yığışır, onları düşündürən məsələləri müzakirə edirlər. Odur ki, siyasətdə dialoqa qarşı çıxış edənlər bizi ötən əsrin doxsanıncı illərin əvvəllərində yaşanan xaosa sürükləyənlərdir.

Burada onu da əlavə edə bilərik ki, dialoq sayəsində partiyalar özlərini cəmiyyətə tanıtdırmaq imkanı qazanırlar və əvəzolunmaz təcrübə əldə edirlər. Sözügedən hal dolayısilə ölkəmizdə vətəndaş cəmiyyəti institutunun inkişafına da zəmin yaradır. Nəinki cəmiyyət, hətta partiyaların özləri belə bir-birini tanımayan və bir-birinin mövcudluğundan xəbəri olmayan, “partiya” sözü isə əhalinin ictimai təfəkküründə hansısa qeyri-qanuni fəaliyyət növü ilə assosiasiya olunan və tərəflər arasında açıq düşmənçilik yaşanan dövrdən 11 siyasi partiyanın Milli Məclisdə təmsil olunduğu və sağlam münasibətlər yaşanan dövrə qədər baş vermiş mütərəqqi dəyişikliklər dövlət və millətin demokratik potensialından xəbər verir. Yaxın keçmişimizi unutmayaq və əldə olunmuş nailiyyətləri kimlərinsə dəyərsizləşdirmək məqsədli xain cəhdlərinə göz yummayaq.

Chosen
15
8
musavat.com

9Sources