Ukrayna dronları Ukrayna sərhədindən təxminən 1500 km aralıda yerləşən Salavatdakı "Qazprom"un neft-kimya kompleksinə uğurla hücum edib. Zavod yanır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Başqırdıstan administrasiyasının rəhbəri Radiy Xabirovun Telegram kanalına istinadən məlumat yayıb.
"İki təyyarə tipli dron obyektə hücum etdi. Ölən və xəsarət alan yoxdur", - o yazıb.
Onun sözlərinə görə, obyektin mühafizəçiləri dronlara atəş açmağa cəhd ediblər.
"Biz dəymiş ziyanı müəyyənləşdiririk. Hazırda yanğını söndürürük", - Xabirov bildirib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, zərbəni Ukrayna Xüsusi Əməliyyat Qüvvələri həyata keçirib.
Rusiyanın “Astra” kanalı hücum yerindən “Qazprom Neftexim Salavat” neft-kimya kompleksində baş vermiş güclü yanğını əks etdirən videogörüntülər yayımlayıb.
QAZİLER.AZ