EN

Doktorantlar sənaye müəssisələrində dissertasiya müdafiə edəcəklər

"2025-ci ildə aparıcı universitetlərin aspirantları elmi tədqiqatları sənaye müəssisələrində aparmaq və dissertasiya müdafiə etmək imkanı qazanacaqlar"

Bu sözləri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

168115

Professorun sözlərinə görə, Rusiya universitetlərində namizəd və doktor elmi dərəcəsinə malik müəllimlərin sayı azalır:

"Rusiya Elm və Təhsil Nazirliyi iri sənaye müəssisələri və ölkənin aparıcı universitetlərinin birgə səyləri ilə “istehsalat aspiranturası” yaratmağı təklif edib. Təşəbbüsün məqsədi real sektor üçün yüksək ixtisaslı mühəndislərin hazırlanmasıdır.

Yeni modeldə gənc alimlər tədqiqatlarını birbaşa müəssisələrdə aparacaq, dissertasiyalarını aktual tətbiqi məsələlərin həllinə həsr edəcəklər. Beləliklə, müəssisələr təhsil prosesinin tamhüquqlu iştirakçılarına çevriləcək. Onlar aspirantlara istehsalatda təcrübə imkanı yaradacaq, şirkət nümayəndələri aspiranturaya qəbul imtahanlarında iştirak edəcək, həmçinin dissertasiya müdafiəsi zamanı birgə dissertasiya şuralarına daxil olacaqlar. Aspirantın universitet elmi rəhbəri ilə yanaşı, müəssisə tərəfindən də elmi rəhbəri olacaq. Bundan əlavə, şirkətlərin aspirantlar və onların məsləhətçiləri üçün əlavə maddi stimullar sistemi hazırlayacağı gözlənilir".

İstehsalat aspiranturası proqramına yalnız öz təhsil standartlarını hazırlamaq hüququna malik universitetlər (elmi-tədqiqat universitetləri) və vaxtında müdafiə olunan namizədlik dissertasiyalarının payı 30%-dən az olmayan ali məktəblər qoşula biləcəklər

"Elm və Təhsil naziri Valeri Falkovun sözlərinə görə, istehsalat aspiranturası proqramında universitetlər və şirkətlər tərəfdaşlıq əsasında iştirak edəcəklər. Universitetlər tədqiqat fəaliyyətinin səmərəliliyini artırmaqda maraqlıdırlar, şirkətlər isə konkret istehsalat problemlərinin həllində.Yeni aspirantura forması 2025-ci ildə pilot rejimdə “Rostex”in konturuna daxil olan müəssisələrdə tətbiq olunacaq. Bu müəssisələr prioritet sahələrdə mikroelektronika, cihazqayırma, mühərrikqayırma, aviasiya və s. elmi tədqiqatlar aparır.

Azərbaycanın sənaye və iqtisadi inkişaf prioritetlərini nəzərə alaraq, “İstehsalat doktoranturası” proqramının milli modelini yaratmaq məqsədəuyğundur. Bu təşəbbüs elmi tədqiqatların yalnız universitet divarlarında deyil, həm də sənaye müəssisələrinin real istehsalat mühitində aparılmasına imkan verər, ilk mərhələdə SOCAR, “Azərenerji”, “Azərbaycan Hava Yolları” (AZAL), Sumqayıt Kimya Sənaye Parkı və digər iri müəssisələrdə pilot layihə başlana bilər. Doktorantın  universitetdən akademik rəhbəri və müəssisədən istehsalat rəhbəri təyin oluna bilər və dissertasiya şuralarına həm universitet, həm də müəssisə nümayəndələri daxil edilməsi işin keyfiyyətinə müsbət təsir  edər. 

Nəticədə elmi-tədqiqat nəticələrinin birbaşa istehsalat və iqtisadi proseslərdə tətbiqi təmin ediləcək; gənc alim və tədqiqatçıların sənaye müəssisələrində karyera inkişafı və peşəkar formalaşması üçün yeni imkanlar açılacaq və universitet-sənaye tərəfdaşlığı gücləndiriləcək, bunun əsasında milli innovasiya ekosisteminin inkişafı sürətləndiriləcək".

Chosen
30
azedu.az

1Sources