EN

Fransada bu gün: 900 min etirazçı, 80 min polis, zirehli texnika, dronlar

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 18 sentyabr, AZƏRTAC

Fransada bu gün keçirilməsi planlaşdırılan ümummilli tətil və etiraz aksiyalarından əvvəl Daxili İşlər Nazirliyi genişmiqyaslı təhlükəsizlik tədbirləri gördüyünü açıqlayıb. Nazirliyin məlumatına görə, ölkə üzrə təxminən 900 min etirazçı aksiyalara qoşulacaq. Bu göstərici əvvəlki “Hər şeyi bloklayaq” (Bloquons tout) hərəkatından xeyli yüksəkdir.

AZƏRTAC xəbər verir ki, bu gün Fransa ərazisində 260-dan çox yürüş nəzərdə tutulub. Təhlükəsizliyi təmin etmək məqsədilə 80 min polis və jandarm səfərbər olunacaq. Nazirlik, həmçinin 8–10 min təxribatçının aksiyalara sızma ehtimalından narahatdır. Hökumət nümayəndələrinin sözlərinə görə, bu şəxslər yürüşləri zorakı qarşıdurmalara çevirməyə cəhd edə bilərlər.

Etirazların dağıdıcı hal almasının qarşısını almaq üçün jandarmeriyaya məxsus 24 ədəd “Centaur” zirehli texnikası əvvəlcədən yerləşdirilib. Onlar əsasən barrikadaların tez aradan qaldırılması üçün nəzərdə tutulub. Bundan əlavə, 10 ədəd su şırnağı ilə təchiz olunmuş xüsusi texnika hazır vəziyyətə gətirilib. Yürüşlər həmçinin dronlar vasitəsilə havadan müşahidə olunacaq.

“Əgər vandal və ya “black bloc” qüvvələr yürüşlərin ön hissəsində toplanarsa, polis dərhal müdaxilə edib onları dinc nümayişçilərdən ayıracaq”, – deyə polis nümayəndəsi komissar Aqat Fukol bildirib.

Xüsusilə səhər saatlarında yolun bağlanması və barrikada qurulması cəhdlərinə qarşı təhlükəsizlik qüvvələrinin dərhal müdaxilə etməyə hazır olduğu vurğulanıb. Nazirlik bildirir ki, əsas məqsəd dinc nümayişçilərin təhlükəsizliyini təmin etmək və zorakılığı dərhal nəzarət altına almaqdır.

Sentyabrın 18-i Fransada həlledici gün ola bilər - həm etirazçılar, həm də təhlükəsizlik qüvvələri artıq tam səfərbərdir. İndi bütün diqqət aksiyaların hansı miqyasda və səviyyədə keçiriləcəyinə yönəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
azertag.az

2Sources