EN

Səfir: Azərbaycan ən çətin anlarda Avropanın enerji təhlüəksizliyinin təmin olunmasında mühüm rol oynadığını sübut edib

Berlin, 18 sentyabr, AZƏRTAC

Azərbaycan uzun illərdir ki, Avropanın etibarlı enerji tərəfdaşıdır. Artıq 2020-ci ildən başlayaraq, Azərbaycan Avropa bazarlarına böyük həcmdə qaz ixrac edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev jurnalistlərə açıqlamasında deyib.

Səfir Almaniyanın ən nüfuzlu mətbu orqanlarından olan “Handelsblatt” qəzetinin təşkilatçılığı ilə Berlində keçirilən illik qaz konfransında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələri barədə məlumat verib. Almaniyada və ümumiyyətlə Avropada məlumatlılığın artırılmasının ölkəmizin strateji önəminin təbliği baxımından böyük əhəmiyyət daşıdığını qeyd edən səfir Azərbaycanın 2024-cü ildə Avropaya 13 milyard kubmetrə yaxın qaz ixrac etdiyini vurğulayıb.

“Azərbaycanın nəql olunan qazın həcmini artırmaq imkanları genişdir. Bunun üçün fəal əməkdaşlığa və tərəfdaşlığın daha da genişləndirilməsinə ehtiyac var. Bu gün Azərbaycan sübut edib ki, ən çətin anlarda etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynaya bilər və bu rol gündən-günə artmaqdadır”, - deyə Nəsimi Ağayev qeyd edib.

Konfrsansda Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişaf etdiirlməsi istiqamətində atdığı addımlardan da danışıldığını vurğulayan səfir qeyd edib: “Azərbaycan ötən il COP29-a ev sahibliyi edərək qlobal iqlim dəyişikliyi ilə mübarizə əzmini bir daha nümayiş etdirib. Çox uğurla keçirilmiş COP29 hələ uzun zaman xatirələrdə qalacaq. Ölkəmizdə bərpaolunanan enerji mənbələrinə böyük sərmayələr yatırılır, müxtəlif tərəfdaşlıqlar qurulur, həm də yaşıl hidrogen layihələri üzrə iş aparılır. Məqsəd yaşıl enerjinin Avropaya ixrac edilməsidir. Bununla da Azərbaycan yaxın illərdə neft-qaz ixracatçısından yaşıl enerji ixracatçısına çevriləcək. Bu mühüm dəyişikliklər Azərbaycanın önəmini bir daha artırır”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
23
2
azertag.az

3Sources