Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyanın İmamuel Kant adına Baltik Federal Universitetinin alimləri Belarus və Braziliya tədqiqatçıları ilə birlikdə boyaqçiçəyi (Tagetes patula L.) çiçəklərinin piqmentləri əsasında yeni bir birləşmə hazırlayıblar.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir ki, həmin birləşmə xərçəng hüceyrələrinə qarşı potensial təsir göstərə biləcək xüsusiyyətlərə malikdir.
Mütəxəssislər qurudulmuş boyaqçiçəyi çiçəklərindən alınmış ekstraktları müxtəlif qatılıqda itterbium ionlarının spirtli məhlulları ilə qarışdırıblar. Metal əlavə edildikdən sonra yeni kompleks formalaşıb və onun optik xüsusiyyətləri dəyişib.
Alimlərin sözlərinə görə, mavi işıqla şüalandırıldıqda kompleks güclü şəkildə işıq saçıb və aktiv oksigen formaları (AOF) yaradıb. Bu molekullar hüceyrələrin membranlarını, zülallarını və DNT-sini zədələyə bilir ki, bu da xərçəng hüceyrələrinin məhv edilməsində mühüm rol oynaya bilər.
Tədqiqatçılar bildiriblər ki, yeni kompleks fotodinamik terapiyada istifadə oluna bilər. Onun AOF yaratma qabiliyyəti artıq məlum olan oxşar birləşmələrlə müqayisə oluna biləcək səviyyədədir. Üstəlik, sintezi daha sürətli və sadə aparmaq mümkündür ki, bu da gələcək elmi araşdırmalar üçün əlverişlidir.
Nuriyyə NATİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.