EN

Yasa pul salmağa qarşı çıxanlar kimlərdir? - “ölü sahibini zəruri el yardımından da məhrum etmək istəyirsiniz?!”


Elyar İslamoğlu: “Belə ziyanlı düşüncədə olan insanların məqsədi...”

Milli yas adətlərimizə süni şəkildə peyvənd edilmiş bir sıra qondarma adətlər, o cümlədən də israfçılıqla müşaiyət olunan bol ehsan süfrəsinin açılması artıq tarixin arxivinə göndərilir. İctimaiyyət könüllü olaraq bu uydurma nəsnələrdən imtina etməyə başlayıb, artıq bir sıra rayon və kəndlərdə bu ağır prosesə son qoyulub. Bunun ardınca indi də ortaya bir məsələ atılıb ki, ehsan verilmirsə onda yasa pul yazdırmaq məsələsinə də diqqət yetirilməlidir.

Təəssüf ki, bəzilərinin düşüncəsinə görə, ehsan yığışdırılıbsa, mütləq ölü sahibinə dəstək məqsədilə yasa pul yazılması ənənəsinə də son qoyulmalıdır. Yəni siyahı yığışdırılmalıdır, başsağlığına gələnlər pul yazdırmadan getməlidirlər. Belə düşüncədə olanlar nədənsə ölü sahibinin vəziyyətini, sosial durumunu heç düşünmürlər. Halbuki, belə şəraitdə yasda iştirak edənlər “qulplarından çıxan qədər” ölü sahibinə yardım etməlidirlər. Söhbət ondan getmir ki, onlar adlarını siyahıya saldırmalıdırlar, xeyr, o pulu uyğun bir şəkildə ölü sahibinə dəstək məqsədilə çatdırmalıdırlar. Nəzərə alsaq ki, ölüm qəfil gəlir, bu vəziyyətdə də əksər ailələr nə edəcəyini, yas məsrəflərini necə qarşılayacağını bilmir, o üzdən hazırlıqlı olmadıqları üçün el-obanın maddi və mənəvi yardımına ehtiyac duyurlar. Bu mənada yas yerlərində pul yardımının yığışdırılması mənfi tendensiya olardı.

Yaslarda pul yığılması gözəl bir adətdir, ölü yiyəsinə dəstəkdir.

Bəzi bölgələrimizdə, o cümlədən də Naxçıvanda ehsan yığışdırılsa da, amma ölü yiyəsinə pul yardımı edilir. Naxçıvanda bu müsbət adət bir çox kənddə var. Təbii ki, əla adətdir. Burda məqamlardan biri odur ki, insanları bu yardıma heç kim məcbur etmir, onlar özləri könüllü şəkildə bunu edirlər. Məsələn, 2 manatdan başlayaraq kim nə qədər bacarır ölü sahibinə yardım edir. Belə düşünürük ki, əksinə, toylarda pul yığılmasına son qoymaq lazımdır, nəinki yaslarda. Dediyimiz kimi, bu fəlakət adamları qəfil yaxalayır, ölüsünü dəfn etməyə, son mənzilə yola salmağa hazır olmur. Bu zaman yığılan 3-5 manat ona böyük dəstək olur. 2 manat nədir ki...Təəssüf ki, bəziləri buna qarşı çıxır və “pul yardımı etmək olmaz”, “ehsan verilmirsə pul da yığılmasın” deyirlər. Bu yanlış yanaşmadır.

Yasda ölü sahibinə kiçik yardımların qarşısını niyə almaq istəyirlər, buna qarşı çıxanlar kimlərdi?

“Kimin nəyə gücü çatırsa yas sahibinə kömək etməlidir”

Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, yas yerlərində ehsanın yığışdırılması müsbət haldır, amma ölü sahibinə pul yardımının edilməsi vacibdir. O hesab edir ki, maddi yardım həyatdan köçmüş insanın ailəsinə az da olsa dəstək verir. “Toy mərasimlərini əvvəlcədən planlaşdırmaq mümkün olsa da, yas mərasimlərini əvvəlcədən planlaşdırmaq olmur. Yəni insanlar qəfil dünyasını dəyişə bilir. Günümüzdə buna tez-tez şahid oluruq. Ağır xəstəlik səbəbindən uzun illər xəstə yatan adamın ömrünün sona yaxınlaşdığını hardasa bilmək olur, amma qəfil ölümün gəldiyindən xəbərsiz oluruq. Bir də görüsən kimsə avtoqəza nəticəsində, yaxud digər səbəbdən dünyasını dəyişir. Mən keçmişdən bugünə qədər görmüşəm, xüsusilə rayon və kənd yerində yas düşən evə hər kəs bir tərəfdən köməklik etməyə çalışır ki, yas sahibi çətinlik çəkməsin. Məzarın qazılmasından tutmuş ehsanın verilməsinə qədər insanlar ölü sahibindən öz yardımlarını əsirgəməyiblər. Yadımdadır, əvvəllər insanlar yas düşən evə həm pul yardımı edirdilər, həm xörək bişirib aparırdılar, həm də lazımı ərzaqlar alıb verirdilər. Hətta yasın ilk günü, yəni ölünün dəfn edildiyi gün kənd camaatı o evdə yemək hazırlanmasına imkan verməzdi, qohum-qonşu hərə bir qazan xörək bişirib o evə aparardılar, həm ölü sahibini yedirdərdilər, həm də uzaqdan gələnlərin ac qalmaması təmin edilərdi. Eləcə də yas evinə dəstək üçün pul verilirdi, burda konkret məbləğ yox idi, kimin nəyə gücü çatırdısa yas sahibinə kömək edirdi. Yəni burda mənfi bir hal yoxdur, əksinə, yaxşı bir haldır ki, insanlar ölü sahibinə məbləğindən asılı olmayaraq pul yardımı edir. Yardımlaşma olduqca əhəmiyyətli bir məsələdir və bu bizim milli adətimizdir”.

Bu gün ehsan süfrələrinin yığışdırılmasına toxunan E.İslamoğlu bildirdi ki, bu yaxşı adətdir, amma pul yığılması sıradan çıxmalı deyil, çünki bu pis adət deyil. “Kimin nəyə gücü çatırsa yas sahibinə kömək etməlidir. Təbii ki, bu məsələdə toylara münasibət fərqli olmalıdır. Restoranların qiyməti 70-80 manatdan başlayır, toylarımız əndazədən çıxır, toylar da sadələşdirilməlidir. Yas mərasimləri onsuz da sadələşdirilir. Naxçıvanda uzun illərdir ki, yas mərasimi sadə tərzdədir, sadə ehsan verilir, məzar daşı da sadə formada düzəldilir. Bir qrup şəxs toyun xərcinin daha baha olmasına qarşı çıxmaqdandırsa yas mərasimlərində yığılan cüzi məbləğin yığışdırılmasını ortaya atıb. Belə düşünmək ziyanlıdır. Belə ziyanlı düşüncədə olan insanların məqsədi camaatı bir-birinə dəstək göstərməkdən yayındırmaqdır. Amma hər bir kəs yas sahibinə dəstək durmağı özünə borc bilməlidir.

Hətta toylarla yasların müqayisəsini aparanların bəziləri deyir ki, toy insanın həyatında bir dəfə olur ona görə də təmtaraqlı olmalıdır. O halda sual verirəm ki, bəs insan həyatda neçə dəfə ölür? Təbii ki, bir dəfə. Odur ki, insanlar bu cür uyğunsuz müqayisədən çəkinməlidirlər”-deyə E.İslamoğlu qeyd etdi.

İradə SARIYEVA

Chosen
96
baki-xeber.com

1Sources