EN

Məmurlar deputatlara  cavab vermir, vətəndaşlar neyləsin? - RƏY

Millət vəkillərinin həyacan təbili çalması ciddi məsələdir

"Düşünmək lazımdır, əgər hakim partiyanın deputatları bundan şikayətlənirsə, görün vəziyyət necədir. Deputata cavab verməyən nazir adi vətəndaşı sayarmı?

 Milli Məclisin dünənki iclasında deputatlar yüksək vəzifəli məmurların müraciətlərinə cavab verməməsindən şikayətləniblər. Deputat Səyyad Aran deyib ki, xalqla üz-üzə qalan, yaxası əldə olan nə nazir, nə komitə sədri deyil, deputatdır. O qeyd edib ki, nazirlər ya telefonu götürmürlər, ya da məktublarına gec cavab verirlər:

 "Bu, nəticədə bizim camaatla bağlılığımıza, onların suallarına, problemlərinə diqqətlə yanaşmağımıza mane olur. Nazirlərin heç birinin fəaliyyət tempi Prezidentin tempinə uyğun gəlmir. Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Deputatın yazdığı məktub xalqın arzusu, istəyi və problemi ilə bağlıdır, cavab verməlisən. Deyirlər ki, işimiz çoxdur. Axı sizin köməkçiniz var. Axşam qayıdıb gələndə sənə zəng edən adamların, o cümlədən deputatların adını görürsən. Bəs bu köməkçilər nə üçündür? Zəng edin görün deputat nə istəyir? Bunu edə bilərsən. Milli Məclisin plenar iclaslarının birində onların adını çəkəcəm. Bizim hamımız xalqa görə nazirik, deputatıq, icra başçısıyıq. Sovet dövründən qalma bivec ənənə var. Məktuba bir ay ərzində cavab verirlər. Qərar qəbul edək ki, Azərbaycanda məktublara 10 gün ərzində cavab versinlər". 

Deputat Naqif Həmzəyev də deputatlar tərəfindən nazirliklərə göndərilən məktublara cavab verilməməsi problemini qaldırıb. Parlamentari vurğulayıb ki, deputatlar vətəndaşlarla görüşlər keçirir, onları qəbul edir və problemlərini aidiyyəti qurumlara çatdırırıq: "Bəs bizə münasibət necədir? Deyirlər ki, "bu qədər məktub yazmağa nə ehtiyac var, bizi də çətin vəziyyətdə qoyursunuz. Şifahi müraciət edin, problemi həll edək". Birinci yanaşma budur. Biz şifahi müraciət edirik, heç bir cavab olmur. Məcbur qalıb yenidən yazılı müraciət edirik. Bilmirik ki, məktublaşmanı hansı vəziyyətə gətirib çıxaraq ki, problem öz həllini tapsın. Hamıya standart cavablar verilir". Xatırladaq ki, sözügedən problem dəfələrlə Milli Məclisin iclaslarında gündəmə gətirilib. Görünən odur ki, deputatların cavabsız müraciətləri kimi bu məsələni gündəmə daşımaları da reaksiyasız ötüşür. 

Ağ Partiyanın sədr müavini Tural Abbaslı Sherg.az-a açıqlamasında deyib ki, məsələnin ironik tərəfi odur ki, nazirlərlə bağlı problemləri gündəmə gətirənlər hakim YAP-ı təmsil edirlər. Partiya rəhbərinin sözlərinə görə, deputatların şikayət etdikləri nazirlər də hakim düşərgənin təmsilçiləridir: 

"İctimaiyyətdə illərdir müzakirə olunan məsələ odur ki, əksər nazirlər, məmurlar, icra başçıları, komitə sədrləri vətəndaşları qəbul etmir, müraciətləri cavabsız qoyur, problemləri görməzdən gəlirlər. Ara-sıra görüntü üçün üç-beş vətəndaşı qəbul etsələr də, fotolar paylaşsalar da, nəticə olmur. Çox vaxt vətəndaşların şikayətlərini qurumda heç bir səlahiyyəti olmayan texniki işçilər dinləyirlər. Guya şikayətləri qeydə alırlar. Təbii ki, müraciətlər heç rəhbərliyə də təqdim olunmur. Bununla bağlı saysız şikayətlər eşidirik. Özümüzün partiya olaraq müraciətlərimiz də olur. Vətəndaşların şikayətlərini dəfələrlə müxtəlif nazirliklərə çatdırmışıq. Hətta şəxsi kanallardan, fərdi təşəbbüslərdən istifadə edərək insanların bir sıra problemlərinin həllinə çalışmışıq. Bir çox hallarda deputatların dediyi kimi nazirliklərin sıfır reaksiyası ilə üzləşmişik. Ya yola verirlər, ya da ümumiyyətlə reaksiya olmur". 

T.Abbaslıya görə, millət vəkillərinin həyacan təbili çalması ciddi məsələdir:

 "Düşünmək lazımdır, əgər hakim partiyanın deputatları bundan şikayətlənirsə, görün vəziyyət necədir. Sadə vətəndaşlar neyləsin? Deputata cavab verməyən nazir adi vətəndaşı sayarmı? Məmur-vətəndaş münasibəti belə olmalı deyil. Deputatları hardasa başa düşmək olar, çünki ayda bir-iki dəfə seçicilərlə ünsiyyətdə olurlar, birbaşa şikayətləri dinləyirlər. Nazirə, komitə rəhbərinə, icra başçısına, polis rəisinə əli çatmayan vətəndaşlar öz şikayətlərini deputatlara ünvanlayırlar. Ona görə deyirik ki, qurumlara nəzarət və müxalifətin təftişi olmadıqca məmur-vətəndaş münasibətləri bu vəziyyətdə qalacaq. Müxalifəti proseslərdən kənarlaşdırmaq, neytrallaşdırmaq hansı fayda verdi ki? Hakim partiyanı təmsil edən deputatlar özləri problemləri hayqırırlar. Hakimiyyətin müxtəlif qollarının bir-birini ittiham etməsi normal hal deyil. Bugün deputat şikayət edirsə, sabah bir nazir başqa nazirdən gileylənəcək. Əziyyətini də insanlar çəkəcək. Fikrimcə, müxalifətə dövlət idarəçiliyinə və idarəetmə mexanizminə təsir rıçaqları verilməlidir". 







Chosen
34
1
sherg.az

2Sources