EN

“Kristal” təzminat tələbi ilə məhkəməyə müraciət etdi

Tribunainfo.az Qafqazinfo.az -a istinadən xəbər verir ki, “Kristal” sosial şəbəkədə Park Yasamal yaşayış kompleksi haqqında yayılan video ilə bağlı məhkəmə qaydasında müdafiəyə müraciət edib. Şirkət hesab edir ki, Park Yasamal yaşayış kompleksi barədə yayılan görüntülər tikinti işləri aparılan zaman çəkilmiş, hazırkı vəziyyəti əks etdirmir və “Kristal” ın işgüzar nüfuzuna zərbə vurub.

Cavabdeh şəxs – Fərid Hüseynvənd TikTok platformasında paylaşdığı videoda şirkətə qarşı ittihamlar irəli sürüb.

Yayılmış məlumatla əlaqədar “Kristal” şirkətinə müraciət etdik və şirkətin rəsmisi sorğumuza cavab verdi:

“Sosial şəbəkədə Park Yasamal yaşayış kompleksinin sakini Hüseynvənd Fərid Nadir oğlu tərəfindən paylaşılan video barəsində onu deyə bilərik ki, video qərəzli şəkildə paylaşılıb, yalan və böhtan xarakteri daşıyır. Videodan göstərilən kadrlar tikinti və təmir işləri davam edən zaman çəkilmişdir və hazırkı reallığı əks etdirmir.

Qərəzli yanaşmanın səbəbi ondan ibarətdir ki, hazırda Park Yasamal yaşayış kompleksində sakinlər üçün avtodayanacaqdan istifadə ilə bağlı ümumi qaydalar müəyyən edilmişdir. Belə ki, avtodayanacaqdan istifadə üçün sakinlərə giriş kartları verilir və sakinlər boş olan istənilən yerdə maşın saxlama hüququna malik olur. Yalnız dayanacağa mülkiyyət hüququ olan sakinlər öz avtomobillərini ona aid yerdə saxlayır. Adı çəkilən sakin isə dayancağa mülkiyyət hüququ olmadan bizdən bir neçə dəfə yeraltı dayanacaqda  xüsusi yer tələb edib.  Kompleksdə yaşayan sakinlərin bərabərlik hüququnun qorunması məqsədi ilə ona xüsusi yer ayrılmasından imtina edilmişdir. Bu səbəbdən bu formada böhtan xarakterli video paylaşmışdı.

Videoda qeyd olunan böyük həcmli yük maşınları və ərazi yaxınlığındakı beton zavod ilə bağlı olan deyilənlərin isə Kristalla heç bir əlaqəsi yoxdur, bizim şirkətə və layihəyə aid deyil. Burada və ətraf ərazidə yaşayan sakinlərin istirahəti üçün tərəfimizdən göl ətrafı ərazidə bulvar inşa ediləcək. Bu məqsədlə gölün suyu və ətrafının mütəmadi olaraq təmizlənməsi tərəfimizdən təmin edilir. Başqa bir şirkətə aid bu beton zavodun faəliyyəti bu istiqamətdə aparılan işlərin irəliləməsinə maneə olduğuna görə həmin beton zavodun ərazidən çıxarılması üçün tərəfimizdən müvafiq qurumlara müraciət edilmişdir.

Bundan başqa, biz şirkət olaraq kənar səslərin bəzən qaçınılmaz olduğunu nəzərə alaraq bütün mənzilləri yüksək səviyyədə yenilənmiş izoliyasiya sistemi ilə təmin edirik. Pəncərə və şüşələrdə Avropa brendləri olan aliminium materiallardan istifadə edilir ki, həmin materialların kənar səsləri və şüaları dəf etmə xüsusiyyəti var.

Kristal olaraq, sakinlərimizin təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçiririk. Belə ki, yaşayış kompleksi bütünlüklə müşahidə kamera sistemi ilə təmin edilmişdir və xüsusi mühafizə heyəti tərəfindən 24/7 izlənilir və təhlükəsizlik təmin edilir. Binalara kənar şəxslərin girişinin qarşısının alınması məqsədilə bütün blokların girişində yeni nəsil üz tanıma sistemi ilə işləyən dofomonlar quraşdırılmışdır.

Sözü gedən şəxsin isə böhtan xarakterli paylaşımına görə şirkətimizin işgüzar nüfuzuna dəymiş zərərin ödənilməsi məqsədilə təzminat tələbi ilə aidiyyəti məhkəməyə müraciət edilmişdir və bu məsələ hüquqi müstəvidə öz həllini tapacaq.”.

Məhkəməyə təqdim edilən iddiada göstərilir ki, yayılan videonun mənfi təsirləri nəticəsində şirkətə həm maddi, həm də mənəvi ziyan dəyib.

Şirkət nümayəndələri bildirirlər ki, bu səbəbdən ümumi təzminat müəyyən edilib və məhkəmədən cavabdeh şəxsə qarşı iddianın təmin olunması tələb olunub.

 

Chosen
25
14
tribunainfo.az

10Sources