EN

44 günlük müharibə Ermənistanın işğalçılıq siyasətinə, lokal antiterror tədbirləri də separatizmə son qoydu

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“19-20 sentyabr 2024-cü il tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri tarixi hadisə kimi qiymətləndirilir. Bu əməliyyat Qarabağda 30 ilə yaxın davam edən erməni separatizminə, qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna son qoydu və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması istiqamətində həlledici mərhələ oldu”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti bu əməliyyatın uğurla başa çatmasında əsas amil oldu: “Prezident əvvəldən bəri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bəyan edirdi ki, Azərbaycanın ərazisində heç bir separatçı qurum mövcud ola bilməz. 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz strateji üstünlük qazandı və diplomatik, hərbi-siyasi baxımdan proseslərə tam nəzarəti ələ aldı. 2023-cü ilin sentyabrında həyata keçirilən əməliyyat da məhz həmin siyasətin məntiqi nəticəsi idi.

Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, Qarabağda yaşayan erməni əhalisi Azərbaycan vətəndaşlarıdır və onların hüquqları dövlətimiz tərəfindən qorunacaq. Amma silahlı separatçılığa, qeyri-qanuni qurumlara, təxribatçı hərəkətlərə güzəşt edilməyəcəkdi. Antiterror tədbirləri ilə dövlətimizin bu prinsipial mövqeyi bütün dünyaya nümayiş etdirildi”.

Nicat İsmayılov

Nicat İsmayılov bildirib ki, 19 sentyabrda başlanan və cəmi 24 saat ərzində uğurla yekunlaşan əməliyyat qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi mövqelərinin, qərargahlarının, silah-sursat anbarlarının zərərsizləşdirilməsi ilə müşayiət olundu: “Əməliyyat zamanı mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət göstərildi, dəqiq və hədəfli zərbələr endirildi. Bu, Azərbaycan Ordusunun peşəkarlığını, yüksək texnoloji imkanlarını və humanist yanaşmasını bir daha ortaya qoydu. Əməliyyat nəticəsində, Qarabağda fəaliyyət göstərən bütün qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Separatçı qurum, faktiki olaraq süquta uğradı. Azərbaycan ərazisində “boz zona” anlayışı birdəfəlik aradan qalxdı. Dövlət suverenliyi tam təmin olundu.

Bu qələbə həm də Azərbaycan əsgərinin, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində mümkün oldu. 44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatında da hərbçilərimiz böyük şücaət göstərdilər. Bir çox igidlərimiz şəhidlik zirvəsinə ucalaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasına öz qanı və canı ilə möhür vurdular.

Şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır, qazilərimizin igidliyi isə gələcək nəsillərə örnəkdir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, şəhid ailələri və qazilər dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Bu, yalnız sosial siyasət deyil, həm də dövlətin mənəvi borcudur”-deyə politoloq vurğulayıb.

Nicat İsmayılov bildirib ki, 19-20 sentyabr 2024-cü il əməliyyatı göstərdi ki, Azərbaycanın dövlətçilik siyasəti güclü liderliyin, milli həmrəyliyin və ordunun rəşadətinin vəhdəti üzərində qurulub.

“Ermənistanda və xaricdə hələ də separatçı ümidlər bəsləyən qüvvələr üçün son nöqtə qoyuldu. Regionda yeni reallıq bərqərar olundu, Qarabağ tam şəkildə Azərbaycan dövlətinin suveren idarəçiliyinə qayıtdı”-deyə politoloq vurğulayıb.

Nicat İsmayılov qeyd edib ki, bu əməliyyat həm də 2020-ci ildən sonra başlanmış Zəfər yolunun məntiqi davamıdır: “Əgər 44 günlük müharibə Ermənistanın işğalçılıq siyasətinə son qoydusa, 2023-cü ildə baş tutan lokal antiterror tədbirləri də separatizmin kökünü kəsdi. Beləliklə, Azərbaycan Cənubi Qafqazda sülhün və inkişafın əsas təminatçısına çevrildi”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
bizimyol.info

1Sources