EN

Şəhidlik zirvəsinə ucalan polkovnik leytenantın şərəfli döyüş yolu REPORTAJ

ain.az bildirir, Azertag portalına istinadən.

Xaçmaz, 17 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Polkovnik-leytenat Vüsal Rüstəmov Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində, “Qisas” əməliyyatında düşmənə qarşı ön sırada yer almışdı. Bu qanlı savaşlarda dəfələrlə ölümlə üz-üzə gəlsə də sağ qalmağı bacarmışdı. Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da döyüşə ilk atılanlardan olub. Xocalı ərazisində şəhidlik zirvəsinə ucalan Vüsal yaddaşlarda qəhrəman döyüşçü, peşəkar zabit və qayğıkeş ailə başçısı kimi qalacaq.

AZƏRTAC-ın bölgə müxbiri Xaçmazda şəhidin valideynləri ilə görüşüb, onlarla qəhrəman Vətən oğlunun həyatı və şərəfli döyüş yolu haqqında söhbət edib.

Rüstəmov Vüsal Rüstəm oğlu 1984-cü il mayın 11-də Xaçmaz şəhərində dünyaya göz açıb. Orta təhsilini İsmət Qayıbov adına Xaçmaz şəhər 3 saylı tam orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra 2002-ci ildə Heydər Əliyev adına Hərbi İnstituta (əvvəlki adı: Heydər Əliyev adına Ali Hərbi Akademiya) daxil olub. Təhsilini uğurla başa vurduqdan sonra zabit kimi Vətənin müdafiəçiləri sırasına qoşulub.

Atası Rüstəm kişi deyir ki, Vüsal 6 yaşından idmanla məşğul olub. Dəfələrlə karate üzrə ölkə çempionu adını qazanıb. Onun hərbiçi olmağa böyük marağı var idi. Buna görə də hərbi məktəbdə təhsil alıb. 2007-ci ildən başlayaraq zabit kimi ölkəmizin müxtəlif bölgələrində, o cümlədən ovaxtkı cəbhə xəttində yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə xidmət aparıb. Yüksək hərbi biliklərə malik Vüsal polkovnik-leytenant rütbəsi və hərbi hissənin qərərgah rəisi vəzifəsinədək yüksəlib.

Vüsal Rüstəmov 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən Vüsal “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

O, Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsindən sonra da xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə davam edib. Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı düşmənlə döyüşə atılan birləşmələrin ön sırasında yer alıb.

“Vüsalla Qusarda, evində oturub söhbət etdik. Xocalı, Xankəndi və digər işğalda qalan torpaqlarımızın tezliklə azad olunacağını bildirdi. Tapşırdım ki, Vüsal özünü qoru! O, Vətəninə, dövlətinə çox bağlı insan idi. Heç vaxt barışmırdı ki, torpaqlarımız ermənilərdə qalsın. Vüsal Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovla 12 il çiyin-çiyinə xidmət aparıb. Onlar Vətənlərini azad görmək istəyirdilər. Ona görə də ailə-uşaq Vüsal üçün ikinci planda idi. Lokal xarakterli antiterror tədbirləri başlayan gün əsgərlərinin yanında, ən öndəki postda idi. Halbuki, qərargah rəisi olaraq döyüşü kənardan da idarə edə bilərdi. Şəhid olacağını da bilirdi. Döyüşdən əvvəl poqonlarını çıxarıb sürücüsünə verib. Tapşırıb ki, şəhid olsam bunları atama çatdır”, - deyə Rüstəm Rüstəmov söyləyib.

Antiterror tədbirləri başlayanda Vüsal Rüstəmov Xocalı ərazisində döyüş tapşırığını yerinə yetirib. Qəhrəman döyüşcü düşmənin atdığı top mərmisinin qəlpələrindən aldığı ağır yaralardan sonra şəhidlik zirvəsinə ucalıb.

Vüsal Rüstəmov ailəli idi. Onun Şahin və Səma adında iki övladı yadigar qalıb.

“Vüsal sonuncu döyüşə yollananda ona nəsə olacağını hiss etmişdim. Yalvarırdım ki, özünü qoru. Şəhid olmamışdan az əvvəl mənimlə telefonla danışmışdı. Ondan soruşanda döyüşdə olduğunu demədi. Danışığımız qəfl kəsildi. Nəsə baş vermişdi. Narahat oldum. Elə bil qəlbimə bıçaq sancdılar. Oğlumun evində, hərbiçilərin qaldığı binada idim. Həyətə çıxdım, hər kəsdə narahatçılıq vardı. Sonra həyat yoldaşım zəng vurub bildirdi ki, Vüsal yaralanıb. Amma əslində şəhid olmuşdu. Şəhid anası kimi qürurluyam. Vüsalın iki balası yadigar qalıb. Ailəsi, övladları Vüsal üçün çox darıxır”, - deyə şəhidin anası Sevinc Rüstəmova söyləyib.

Polkovnik-leytinant Vüsal Rüstəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.

Qeyd edək ki, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı 12 nəfər xaçmazlı döyüşçü şəhidlik zirvəsinə ucalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
azertag.az

1Sources