EN

Romada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub

İtaliyanın paytaxtı Romada yerləşən məşhur Santa Çeçiliya Dövlət Konservatoriyasında Azərbaycan musiqi mədəniyyətinin qurucusu, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, ölkəmizin İtaliyadakı səfirliyi, səfirliyin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi və Santa Çeçiliya Dövlət Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşıb. Konsertdə İtaliyanın mədəniyyət və akademik dairələrinin nümayəndələri, səfirlər, diplomatlar, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə konsertin Üzeyir Hacıbəylinin doğum günü münasibətilə, Mədəniyyət Nazirliyinin təşkil etdiyi XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirildiyini bildirib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxışında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2009-cu ildən etibarən sentyabrın 18-nin Milli Musiqi Günü kimi qeyd olunduğunu xatırladıb. O, Üzeyir Hacıbəylinin 140 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edildiyini vurğulayaraq bəstəkarın Azərbaycan milli musiqisinin banisi və Şərqdə ilk operanın müəllifi kimi mədəniyyət tariximizdə mühüm rol oynadığını diqqətə çatdırıb. Diplomat, həmçinin bəstəkarın Azərbaycanın Dövlət Himninin bəstələnməsində, milli konservatoriyanın yaradılmasında və musiqi təhsilinin inkişafında göstərdiyi misilsiz xidmətləri qeyd edib.

Konsert proqramında soprano səsinin sahibi, Milan şəhərində yaşayan həmvətənlimiz, opera müğənnisi Çinarə Şirinova çıxış edib. O, fortepiano müşayiəti ilə Üzeyir Hacıbəylinin əsərlərini səsləndirərək Azərbaycan musiqisinin zənginliyini tamaşaçılara təqdim edib.

Səhnədə, həmçinin “Ritm” rəqs qrupu milli rəqslərimizi nümayiş etdirib. “Uzundərə” rəqsinin zərifliyi və “Nağara Şou”nun ritmik enerjisi tamaşaçılara unudulmaz anlar yaşadaraq proqramı daha da zənginləşdirib.

Tədbirə qatılan İtaliyanın mədəniyyət nümayəndələri Azərbaycan ifaçılarının peşəkarlığını, musiqi və rəqs nömrələrinin milli ruhunu yüksək qiymətləndiriblər. Onlar, həmçinin belə tədbirlərin iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Tamaşaçılar çıxışları gurultulu alqışlarla qarşılayaraq Azərbaycan musiqisinə və mədəniyyətinə böyük maraq və rəğbət göstəriblər.

Chosen
30
2
azerbaijan-news.az

4Sources