EN

Məktəbə getməyən uşaqlarda psixoloji pozuntular artır

İngiltərədə aparılan yeni araşdırma məktəbə davamiyyətsizliklə uşaqların psixi sağlamlığı arasında ciddi əlaqə olduğunu üzə çıxarıb. Milli Statistika İdarəsi (ONS) və Loughborough Universiteti tərəfindən birgə həyata keçirilmiş tədqiqatda qeyd olunur ki, davamiyyəti zəif olan məktəblilərdə narahatlıq, depressiya və digər psixoloji pozuntular daha çox müşahidə olunur.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar bildirirlər ki, məktəbə nadir hallarda və ya qeyri-müntəzəm gələn uşaqlarda xəstəxanalara psixi sağlamlıqla bağlı müraciətlər kəskin şəkildə artır. Ən çox təsirə məruz qalan qruplar isə xüsusi təhsil ehtiyaclı (SEND) uşaqlar və qızlardır. Araşdırmada qeyd olunur ki, məktəbdən kənarda qalmaq uşaqların sosial mühitdən uzaq düşməsinə, özünəinam itkisinə və emosional təcridə səbəb olur.

Mütəxəssislər bu nəticələrin ciddi narahatlıq doğurduğunu və məktəbəqayıdışla bağlı dəstək proqramlarının vacib olduğunu bildirirlər. Onlar hesab edirlər ki, məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, valideyn və müəllimlərin bu sahədə maarifləndirilməsi, eləcə də fərdi yanaşmaya əsaslanan tədris modellərinin tətbiqi davamiyyətsizlik probleminin həllində mühüm rol oynaya bilər.

Araşdırmanın nəticələri həmçinin post-pandemiya dövründə məktəbə davamiyyətin əvvəlki səviyyəyə dönmədiyini və bu vəziyyətin uzunmüddətli fəsadlara yol aça biləcəyini göstərir. Tədqiqat müəllifləri hökumətə, təhsil müəssisələrinə və ailələrə çağırış edərək bu problemi ciddi şəkildə diqqətdə saxlamağı tövsiyə ediblər.

Chosen
25
azedu.az

1Sources