Müstəqillik arzusu Azərbaycan xalqının əsrlərboyu dayağı olub
Müstəqil dövlət qurmaq və onu inkişaf yoluna çıxarmaq hər bir xalqa nəsib olmur. Çoxsaylı xalqlar əsrlər boyu başqa dövlətlərin əsarəti altında yaşayıb, müstəqillik arzularını həyata keçirə bilməyiblər. Azərbaycan xalqı isə tarixin müxtəlif dönəmlərində ağır sınaqlardan keçsə də, azadlıq ideyasını qoruyub saxlayıb. Yadellilərin işğalına, siyasi, hərbi və iqtisadi çətinliklərə baxmayaraq, dövlətçilik arzusu heç vaxt itməyib, milli iradə nəsildən-nəslə ötürülərək xalqın mənəvi dayağı olub. Bu səbəbdən də müstəqil Azərbaycan dövləti yüzilliklərin mübarizəsinin təbii nəticəsi kimi tarix səhnəsində möhkəmlənib.
Dövlətlərin mövcudluğunu müəyyən edən əsas anlayışlardan biri isə məhz suverenlikdir. Tarixi və hüquqi düşüncədə bu anlayış dövlətin bütün qərarlarını öz iradəsi əsasında qəbul etməsi, daxili və xarici siyasətində heç bir asılılıq tanımaması ilə izah olunur. Beynəlxalq hüquqa görə, suveren dövlət müəyyən olunmuş ərazidə daimi əhaliyə, vahid hakimiyyətə və digər dövlətlərlə münasibətlər qurmaq imkanına sahib olmalıdır. Bu şərtlər dövlətin beynəlxalq hüquqi statusunu və müstəqil varlığını təmin edir. Ən əsası, suverenlik yalnız hüquqi anlayış deyil, həm də dövlətin azad iradəsinin, bərabərhüquqlu mövqeyinin və milli müstəqilliyinin rəmzidir.
44 günlük Vətən Müharibəsi xalqımızın illər uzunu davam edən torpaq həsrətinə son qoydu
XX əsrin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət ölkəmizin suverenliyini ciddi şəkildə pozmağa yönəlmişdi. Ermənistan silahlı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal edərək, 30 ildən artıq müddətdə orada etnik təmizləmə apardı, şəhər və kəndləri yerlə-yeksan etdi, tarixi və mədəni abidələri dağıtdı. Xocalı soyqırımı isə bu siyasətin ən dəhşətli cinayət nümunəsi oldu. Beynəlxalq ictimaiyyət həmin əraziləri hər zaman Azərbaycanın suveren torpaqları kimi tanısa da, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası istiqamətində aparılan uzunmüddətli danışıqlar nəticəsiz qaldı və Ermənistan sülh prosesinə səmimi yanaşmadığını açıq şəkildə göstərdi. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, münaqişənin həlli ilə bağlı real addımlar atılmadı. Yeni hökumət əvvəlki hakimiyyətlərin təcrübəsini davam etdirərək, vaxt uzatma taktikasına üstünlük verdi. Azərbaycanın və vasitəçilərin bütün sülh təklifləri rədd edildi, hətta danışıqların əvvəldən başladılacağı bəyan olundu. Bu qeyri-konstruktiv mövqe qarşısında Azərbaycan susqun qala bilməzdi. 2020-ci ilin sentyabrında Ermənistanın başladığı genişmiqyaslı hərbi təxribat isə vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan Ordusu bu dəfə qətiyyətli cavab verdi və İkinci Qarabağ müharibəsində 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Nəticədə işğal altındakı torpaqlarımızın böyük hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonları isə 2020-ci ilin sonuna qədər tamamilə boşaldıldı. Azərbaycan bununla da öz gücü ilə beynəlxalq hüququn və BMT qətnamələrinin icrasını təmin etdi.
Qondarma rejimin mövcudluğu Azərbaycanın suverenliyinə qarşı təhdid idi
Müharibədə məğlubiyyətə uğrayan Ermənistan və onun dəstəklədiyi qondarma Dağlıq Qarabağ rejimi sülh prosesinə qoşulmaqdan imtina etdi. Halbuki həmin qurum beynəlxalq hüquq normalarına görə qeyri-qanuni idi və heç bir dövlət tərəfindən tanınmırdı. Azərbaycanın suveren ərazilərində belə bir separatçı rejimin mövcudluğu qəbul edilə bilməzdi. 9 noyabr 2020-ci il bəyanatı bölgədə yeni vəziyyət yaratdı. Ermənistanla Qarabağdakı separatçılar arasında əlaqə yalnız Azərbaycan ərazisindən – Laçın dəhlizi vasitəsilə təmin edilməli idi. Lakin ermənilər bu dəhlizdən sülh naminə istifadə etmək əvəzinə, silah-sursat daşınmasına yönəldilər. Atəşkəs dəfələrlə pozuldu, təhlükəsizlik davamlı təhdid altında saxlanıldı. Qondarma rejim militarist bəyanatlarla çıxış edərək, Azərbaycan dövlətinin səbrini sınamağa çalışdı.
Azərbaycan 2023-cü ildə qətiyyətli addım ataraq bu vəziyyətə son qoydu. Aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bu, suverenliyin təmin olunması baxımından böyük uğur idi və ən önəmlisi, heç bir hərbi əməliyyata ehtiyac qalmadan əldə edildi. Beləliklə, Azərbaycan bütün beynəlxalq tanınmış sərhədlərində öz hakimiyyətini tam şəkildə bərqərar etdi.
23 saat 43 dəqiqə...
2013-cü ilin sentyabrında bölgədə Ermənistan silahlı birləşmələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq və ərazilərimizin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən antiterror tədbirləri həyata keçirildi. Bu əməliyyat yalnız hərbi baxımdan deyil, həm də strateji və siyasi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edirdi, çünki uzun illər boyu işğal altında qalan ərazilərdəki qanunsuz hərbi fəaliyyət Azərbaycan dövlətçiliyinin və suverenliyinin əsasına birbaşa təhdid yaratmışdı. Əməliyyat 23 saat 43 dəqiqə davam etdi və yüksək peşəkarlıq, dəqiqlik və planlı hərbi strategiya ilə həyata keçirildi. Qısa müddət ərzində bölgədə yerləşdirilmiş qanunsuz hərbi birləşmələr tamamilə tərksilah edildi, onların strateji mövqeləri və nəzarət etdiyi ərazilər Azərbaycan dövlətinin hakimiyyətinə qaytarıldı. Bu, yalnız hərbi nailiyyət deyil, həm də uzun illər boyu davam edən işğalın, separatizmin və qeyri-qanuni rejimlərin yaratdığı təhlükənin aradan qaldırılması demək idi. Əməliyyatın ən önəmli siyasi nəticələrindən biri isə qondarma Dağlıq Qarabağ rejiminin özünü buraxdığını rəsmi şəkildə elan etməsi oldu. Bu hadisə Azərbaycanın ərazilərində dövlət hakimiyyətinin tam bərpası anlamına gəlirdi və bölgədə uzun illərdir davam edən qeyri-qanuni hərbi strukturun ləğv edilməsi ilə nəticələndi. Beləliklə, Azərbaycan dövlətinin suverenliyi yalnız kağız üzərində deyil, reallıqda bütün ərazilərdə tam təmin edildi. Dövlətin konstitusiya quruluşu bərpa olundu, hüquqi və siyasi sferada suverenliyi qorunmuş oldu, həmçinin beynəlxalq aləmdə Azərbaycanın mövqeyi daha da möhkəmləndi. Bu əməliyyat həm də Azərbaycanın tarixi ərazi bütövlüyünü bərpa etməsi, xalqın milli iradəsinin gücünü nümayiş etdirməsi və gələcəkdə belə təxribatların qarşısının qətiyyətlə alınması üçün əhəmiyyətli bir nümunə oldu. Qısa müddət ərzində əldə olunan bu nailiyyət həm də bölgədə sabitliyin bərqərar olunmasına, yerli əhalinin təhlükəsizliyinin təmin edilməsinə və Azərbaycan dövlətçiliyinin davamlı inkişafına zəmin yaratdı.
Dövlət Suverenliyi Günü və “Konstitusiya və Suverenlik İli” milli iradənin və dövlətçiliyin rəmzidir
Azərbaycanın tarixi yolunda yeni mərhələ isə 2024-cü ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqləndi. Sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis olundu. Bu gün müstəqillik uğrunda yüzilliklər boyu aparılan mübarizənin, ərazi bütövlüyünün bərpasının və xalqın milli iradəsinin rəmzi olaraq təqvimə daxil edildi. Dövlət Suverenliyi Gününün təsis olunması Azərbaycanın 1991-ci ildən bəri keçdiyi çətin və şərəfli yolun məntiqi yekunu hesab olunur. Bu tarix həm 2020-ci ildəki böyük Qələbənin, həm də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərinin kulminasiya nöqtəsini simvolizə edir. Eyni zamanda XXI əsrdə Azərbaycan dövlətinin müstəqilliyinin daha da möhkəmlənməsini və suverenlik ideyasının tam reallaşmasını əks etdirir. Prezident İlham Əliyevin 2024-cü ilin dekabrında imzaladığı Sərəncamla 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə dövlətçilik tariximizdə xüsusi yerə malikdir. Bu qərar həm Konstitusiyanın, həm də suverenliyin milli həyatımızdakı əhəmiyyətini bir daha nümayiş etdirir və onları inkişaf modelimizin əsas dayaqları kimi təqdim edir. Suverenliyin möhkəmlənməsi dövlətlərin beynəlxalq aləmdə tanınması və mövqeyinin güclənməsi üçün əsas şərtlərdəndir. Konstitusiya isə dövlətin hüquqi-siyasi əsaslarını müəyyənləşdirərək milli kimliyi təsdiqləyir. Bu iki anlayışın birlikdə vurğulanması müasir Azərbaycan dövlətçiliyinin gücünü və perspektivlərini dünyaya tanıdır.
Tam suverenlik və bərpa edilmiş ərazi bütövlüyü ölkəmizi sürətli inkişaf yoluna çıxardı
Müasir mərhələdə Azərbaycan xalqı tarixi dönüş nöqtəsini yaşayır. Tam suverenliyin təmin olunduğu, ərazi bütövlüyünün bərpa edildiyi və sərhədlərin toxunulmaz hala gətirildiyi şəraitdə ölkəmiz sürətli inkişaf yolundadır. Qarşıdakı illərdə bu reallığı qoruyub saxlamaq və uğurları daha da artırmaq isə dövlətimizin əsas prioriteti olacaqdır.
Nigar Orucova, “İki sahil”