EN

“Nüvə reaktorları Türkiyəni enerji mərkəzinə çevirəcək” - Azad Məsiyev

“Türkiyə NATO blokunun üzvü olmasına baxmayaraq, həm xarici, həm də daxili siyasətdə müstəqil xətt yürüdür. Hətta NATO-nun maraqlarına uyğun gəlməyən məqamlarda belə, Türkiyə prinsipal mövqe nümayiş etdirərək milli və dövlət maraqlarını üstün tutur və bu prizmadan hərəkət edir. Ümumilikdə, Türkiyə dünya siyasətində güc mərkəzinə çevrilir. Türkiyə regional gücdən qlobal gücə çevrilməkdədir. Bunun üçün mütləq iqtisadi gücə malik olmalıdır. Artıq Türkiyə demək olar ki, enerji mərkəzinə çevrilir. Bakı–Ceyhan neft kəməri, qaz kəmərləri, yeni yaşıl enerji layihələri – bütün bunlar Türkiyə üzərindən Avropaya nəql olunur. Bu da ölkəni qlobal enerji mərkəzinə çevirir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Türkiyənin milli nüvə reaktorlarının inşasına start verməsi regionda geniş rezonans doğurub. Ankara rəsmiləri layihənin tamamilə daxili imkanlarla həyata keçiriləcəyini vurğulayırlar. Mütəxəssislərin qənaətinə görə, bu təşəbbüs təkcə İsrailin deyil, həmçinin Yunanıstan, Kipr, Ermənistan, Gürcüstan, İran, Misir, İraq, Suriya, Hindistan, eləcə də Fransa və Rusiyanın da reaksiyasını oyada bilər.

Siyasi şərhçi bildirib ki, Türkiyənin iqtisadi güc qazanması üçün enerji layihələrinin gücləndirilməsi vacibdir.

“Çünki iqtisadiyyatın iki əsas şərti var: enerji və xammal. Türkiyə bunları əldə etdikdən sonra tam iqtisadi müstəqilliyə nail olur və sürətli inkişaf perspektivi qazanır. Bu baxımdan nüvə reaktorlarının inşası Türkiyənin milli maraqlarına tam cavab verir. Türkiyənin müstəqil qərar vermək haqqı var. Enerjidən dinc məqsədlər üçün istifadə edən dövlətlər sırasında Türkiyənin də olması təbii haldır. Çünki artıq bu ölkə elmi, texnoloji və iqtisadi potensialını təsdiqləmiş bir dövlətdir. Təəssüf ki, bəzi dairələr Türkiyənin regional gücdən qlobal gücə çevrilməsini istəmir. Onlar ölkənin yüksələn nüfuzundan və artan iqtisadi imkanlarından narahatdırlar. Buna görə də müxtəlif bəhanələrlə etirazlarını bildirir, reaksiyalar verirlər. Ancaq Azərbaycan xalqının bir gözəl misalı var: “İt hürər, karvan keçər”. Yəni kimlərin nə deməsindən asılı olmayaraq, Türkiyə öz iqtisadiyyatını gücləndirmək üçün enerji resurslarını və nüvə texnologiyalarını inkişaf etdirməlidir. Kənar qüvvələrin reaksiyalarının isə heç bir əhəmiyyəti yoxdur. Türkiyə siyasətdə necə müstəqildirsə, enerji məsələlərində də müstəqil qərar vermək haqqına sahibdir. Bu prosesdə ölkə kənar fikirlərə əhəmiyyət verməyəcək və öz yolu ilə gedəcək. Türkiyə, Türk Dövlətləri Təşkilatında lider və lokomotiv bir dövlət kimi, nüvə reaktorlarının inşası ilə enerji asılılığını aradan qaldıraraq tam müstəqil iqtisadi siyasət yürütmək imkanına malik olacaq. Bu addım türk xalqının, türk millətinin və dövlətinin maraqlarına tam cavab verir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Chosen
31
aznews.az

1Sources