EN

İsrail Qəzzaya qurudan hücuma başlayıb, minlərlə ailə evini tərk etmək məcburiyyətində qalıb

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İsrail Qəzza şəhərinə qurudan hücuma başlayıb.

Şəhər sentyabrın 16-na keçən gecə aramsız hava hücumları ilə üzləşib.

İsrailin müdafiə naziri Israil Katz X hesabında "Qəzza yanır" deyə yazaraq bildirib ki, İsrail "vəzifəsini yerinə yetirərək vaz keçməyəcək və geri addım atmayacaq".

BBC-nin Qəzza müxbiri xəbər verir ki, İsrail döyüş təyyarələri güclü hava hücumları həyata keçirib. Sakinlər bu gecə hücumlarını "cəhənnəm" kimi qiymətləndirirlər.

İsrail ordusu şəhəri "hazırda Həmas-ın sonuncu əsas qalası" sayır.

Minlərlə ailə şəhəri tərk etməyə çalışır. Bəziləri hücumlardan xilas olmaq üçün yol axtarırlar.

Hücumların başlamasından sonra şəhər sakinləri ərazini tərk etməyə çalışdığı üçün ətrafda böyük sıxlıq müşahidə olunur.

Qəzza sakini, tibbi bacısı Hanaa Almadhoun BBC-yə bildirib ki, üç uşağını şəhərdən çıxartmağa çalışır. "Bombalar yağır, yanğın var və hər şey pisdir", - o deyib.

O, tibbi bacısı olduğu üçün şəhərdə qalacağına ümid edir, amma istəyir ki, uşaqlarını çıxartsın.

Fələstinlilər qaçarkən biri BBC-yə deyib: "Hər şeyi geridə qoymaq indiyə qədər verdiyim ən çətin qərar idi".

18 yaşlı şəhər sakini Sanabel BBC-yə deyib ki, oturub sadəcə ölmək növbəsini gözləyir.

"Hara getməli olduğumu da bilmirəm", - Sanabel deyib.

Həmasın Səhiyyə Nazirliyi bildirib ki, İsrailin şəhərə hücumundan sonra bütün xəstəxanalar ölü və yaralılarla doludur.

Baş nazir Benyamin Netanyahunun Qəzza şəhərinə nəzarəti ələ keçirmək planı keçən ay açıqladığı zaman beynəlxalq tənqidlərə səbəb olmuşdu.

Birləşmiş Millətlər Təşkilatının Təhqiqat Komissiyası İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırım törətdiyini bildirib.

İsrailin Xarici İşlər Nazirliyi hesabatı qəti şəkildə rədd edərək, onu "təhrif edilmiş və yalan" adlandırıb.

Kanada, Fransa, Britaniya, Misir, Qətər və digər dövlətlərin rəhbərləri İsraili hücumları dərhal dayandırmağa çağırıb.

İsrailin Baş naziri Benjamin Netanyahu avqustda bildirmişdi ki, yaxın vaxtlarda ordu Qəzzaya qarşı qurudan hücumlara başlayacaq və məqsəd şəhərə nəzarəti ələ keçirməkdir.

Fələstinin Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti "təcili müdaxilə etməyə" çağırıb.

Chosen
38
bbc.com

1Sources