EN

Sərnişin çox, yol uzun, qatar az: Problem nə vaxt aradan qalxacaq?

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtda son günlər ictimai nəqliyyatla bağlı problem müşahidə edilir. 

Bunun əsas səbəbi isə yeni tədris ilinin başlaması, şagird və tələbələrin təhsil ocaqlarına üz tutması, eləcə də yay mövsümündə müxtəlif bölgələrdə dincəlməyə gedən vətəndaşların paytaxta geri dönməsidir. Əsas çətinlik yaradan məqamlardan biri də paytaxtda “Formula-1” yarışlarının keçirilməsidir ki, hazırda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Nəticədə bu gün Bakıda vətəndaşlar ictimai nəqliyyatla bağlı problemlə üzləşib. Son günlər bu istiqamətdə digər problem isə qatarlarla bağlıdır. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar Bakı–Biləcəri–Xırdalan–Bakı qatarlarında vətəndaş sıxlığının və bu baxımdan problemlərlə üzləşdiklərini bildirirlər. 

Sərnişinlərdən biri qeyd edir ki, 15 sentyabr tarixində Bakı-Pirşağı-Sumqayıt sürət qatarının sərnişini kimi qatardan istifadə zamanı çətinliklərlə üzləşib. Üzləşdiyi problemi xatırladan sərnişin sonda “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) üzünü tutaraq müraciət edib ki, sərnişinlərin sayı artdığından, qatarların, heç olmazsa, vaqonların sayı artırılmalıdır. 

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev “Cebheinfo.az”-a bildirib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşasına başlanacaq: 

“Bu səbəbdən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlar Bakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edəcək. Sentyabrın 15-dən Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə isə 56-dan 64-ə artırılıb. Ötən gün Abşeron dairəvi marşrutu üzrə rekord sayda - 42 mindən çox sərnişin daşınıb. 

İş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92 reysdən 104 reysə çatdırılıb. Bu, dairə üzrə reys sayı baxımından ən yüksək göstəricidir. Qrafik tərtib olunarkən qatarların sayı da nəzərə alınır. 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, növbəti 5 ildə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bir sıra istiqamətlərdə xətlərin təkmilləşdirilməsi, 2026−2028-ci illərdə Bakıxanov−Binə−Qala xəttinin bərpası, 2026−2027-ci illərdə Yeni Suraxanı−Hövsan xəttinin bərpası, 2028−2030-cu illərdə isə Zabrat−Maştağa−Bağlar xəttinin bərpası, eləcə də bu xətlər üzrə yeni dayanacaqların istismara buraxılması, həmçinin 2025−2030-cu illərdə 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulur”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

Sərnişin yol qatar Bəxtiyar Hacıyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
1
cebheinfo.az

2Sources