EN

Velosipedlər niyə dəbilqəsiz icarəyə verilir? AÇIQLAMA

Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Vətəndaşlardan biri dəbilqəsiz velosiped sürdüyünə görə 40 manat məbləğində cərimələnib. İnzibati Xətalar Məcəlləsinin 338.4.4-cü maddəsinə əsasən, bu cərimə velosipedi təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarının pozulması ilə idarə etməyə görə tətbiq olunur. Lakin sual yaranır ki, velosiped icarəyə verən şirkətlər niyə nəqliyyat vasitələrinin yanında dəbilqə təqdim etmirlər?

Velo icarə şirkəti olan “Apar Ride” MMC Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin maddənin məzmunundan göründüyü kimi, məsuliyyət yalnız təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarının pozulmasına şamil edilir. Yəni, velosipedçinin dəbilqədən ümumiyyətlə istifadə etməməsi (taxmaması) maddədə ayrıca məsuliyyət halı kimi göstərilməyib. Başqa sözlə, norma yalnız mövcud qaydaların pozulmasını nəzərdə tutur.

“Araşdırma nəticəsində hazırda velosipedçilər üçün təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarının təsbit edilmədiyi müəyyən olunub. Bu səbəbdən mövcud olmayan qaydaların pozulmasına görə məsuliyyət tətbiq edilməsi hüquqi baxımdan əsassızdır. Bununla yanaşı, əgər inzibati orqan bu normanı “dəbilqə taxmamaq” kimi şərh edirsə, bu yanaşma yanlış hesab olunmalıdır. Çünki İnzibati Xətalar Məcəlləsinin digər maddələrində belə hallar açıq şəkildə konkretləşdirilib. Məsələn, 329.2-ci maddədə motosikletin motodəbilqəsiz idarə edilməsinə görə 40 manat, 338.3-cü maddədə isə sərnişinlərin motodəbilqə taxmamasına görə 30 manat cərimə nəzərdə tutulub”.

Qurumun açıqlamasına görə, mövcud qanunvericilik velosipedçilərin dəbilqə taxmamasına görə inzibati məsuliyyət müəyyən etmir. Belə məsuliyyətin tətbiqi üçün isə əvvəlcə velosipedçilərin təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarının hüquqi aktlarla təsbit edilməsi zəruridir.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
1
metbuat.az

2Sources