EN

Səhiyyə Nazirliyinin mütəxəssisi uşaqlarda immuniteti gücləndirən qidaları açıqlayıb

İmmunitet sistemi körpəlik dövründə anadan körpəyə keçən anticisimlər vasitəsilə inkişaf edir və körpənin infeksiyalardan qorunmasına kömək edir. Üçüncü aydan etibarən səviyyəsi azalan bu antikorların yerinə körpənin antikor yaratması və bədənin immunitet qabiliyyətini qazanması lazımdır. Bəzi körpələrin öz antikorlarını yaratmağa başlaması daha uzun müddət tələb edir və ya anticisim səviyyələri daha aşağı olur. Bu vəziyyət adətən müvəqqəti olsa da, uşaqda tez-tez inkişaf edən infeksiyalar, ailədə immun xəstəlik tarixi, uzunmüddətli sətəlcəm, davamlı halsızlıq, bədən temperaturunun tez-tez 38 dərəcə üzərində izlənməsi, stres və narahatlıq halları, ağızda və ya dərinin digər bölgəsində inkişaf edən göbələk infeksiyaları kimi əlamətlər görünərsə, mütəxəssis həkim müayinəsindən keçilməsi və immun sistem xəstəliyi ehtimalının araşdırılması lazım ola bilər. SİA Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri pediatr Gülnaz Ağayeva deyib.

Pediatr qeyd edib ki, immuniteti zəif olan uşaq xəstəliyi ağır keçirə bilər. Qorunmaq üçün isə gigiyenik qaydalara mütləq şəkildə riayət edilməlidir. Həmçinin düzgün qidalanma olduqca mühüm şərtdir:”Bəzən bir çox hallarda uşaqlar zərərli qidalara meyl göstərirlər ki, bu da onların mədə-bağırsaq sisteminə mənfi təsir göstərir. Qəbul edilən qidaların tərkibindəki vitamin, mineral, şəkər, su, lazım olan maddələr, eyni zamanda, dərmanlar bağırsaqda sorulur. Hansısa bir uşağın bağırsaq və həzmsizlik problemləri varsa, həmin uşaqda immunitet zəifliyi və çəki azlığı olur. İmmunitet zəifliyi olanda uşaq hər bir xəstəliyi ağır keçirə bilər”.

Gülnaz Ağayeva bildirib ki, uşaqların immun sisteminin güclənməsi üçün valideynlər onların bol vitamin və minerallarla zəngin qidalar qəbul etməsini diqqətdə saxlamalıdırlar: “Uşaqların gündəlik qidalanmasında səhər yeməyinin önəmi çox vacibdir. Səhər yeməyində daha çox yumurta, süd məhsullarından pendir, yağ və bu kimi qidalara üstünlük verilməli, mütləq şəkildə mövsümi meyvə, tərəvəzlərdən istifadə edilməlidir. Eyni zamanda, uşaqların qida menyusunda ətdən, balıq və toyuqdan istifadəsi tövsiyə olunur. Hər birindən həftənin iki günündə istifadə edə bilərlər və bir qida qəbulunda yaxşı olar ki, 2 fərqli heyvan ətindən istifadə etməsinlər. Belə olan halda həzm prosesi zəifləyir, qəbul olunan qidalar doğru şəkildə həzm edilmir. Eyni zamanda, balıq, dəniz məhsulları Omeqa-3, yağ turşuları, D vitamini ilə zəngindir. Bu da uşaqların inkişafında çox böyük rol oynayır. Bundan başqa, uşaqları çox tünlük, havalandırmanın zəif olduğu qapalı məkanlara aparmaq məsləhət görülmür. Bu cür sadə və vacib qaydalara əməl etməklə uşaqları xəstəlikdən qorumaq mümkündür”.

Pediatrın sözlərinə görə, gündəlik rasionda mütləq istifadə edilən rəngli meyvə və tərəvəzlər, zülal baxımından isə zəngin qidalar, süd və süd məhsulları immunitetin güclənməsi üçün vacibdir: “Tam taxıllar (yulaf, qarabaşaq, qara çörək) uşağın enerji balansını saxlayır. Qoz, badam, fındıq, ərik qurusu, kişmiş kimi quru meyvə və çərəzlər həm enerji verir, həm də dəmir, maqnezium, sink kimi minerallarla zəngindir. Uşağın gündəlik maye qəbulu vacibdir, su içməyi vərdiş halına gətirmək lazımdır. Şəkərli içkilər, qazlı sular, çoxlu şokolad və paketlənmiş fast-food məhsulları immun sistemini zəiflətdiyi üçün uzaq tutulmalıdır”.

Gülnaz Ağayeva diqqətə çatdırıb ki, uşaqlara qida mütləq müəyyən rejimlə, kiçik porsiyalarla və gündə 4-5 dəfə verilməlidir. “Axşam yeməkləri yüngül, amma vitamin-mineral baxımından balanslı olmalıdır. Qidalanma ilə yanaşı, normal yuxu rejimi, təmiz havada gəzmək, fiziki aktivlik də immun sistemini gücləndirən əsas amillərdəndir”, - deyə pediatr vurğulayıb.

Chosen
24
4
sia.az

10Sources