AZ

Uşaqların immunitetini gücləndirən qida qaydaları

“Uşaqların gündəlik qidalanmasında səhər yeməyinin önəmi çox vacibdir. Səhər yeməyində daha çox yumurta, süd məhsullarından pendir, yağ və s. bu kimi qidalara üstünlük verməli, mütləq şəkildə mövsümi meyvə, tərəvəzlərdən istifadə edilməlidir”. 

Adalet.az bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”nun səhər proqramında   pediatr Gülnaz Ağayeva açıqlayıb. 

Onun sözlərinə görə, gün ərzində 2-3 meyvə və 4-5 tərəvəzin qəbulu vacib hesab olunur:

“Eyni zamanda, uşaqların qida menyusunda ətdən, balıqdan, toyuqdan istifadəsi tövsiyə olunur. Hər birindən həftənin iki günündə istifadə edə bilərlər və bir qida qəbulunda yaxşı olar ki, 2 fərqli heyvan ətindən istifadə etməsinlər. Belə olan halda həzm prosesi zəifləyir, qəbul olunan qidalar doğru şəkildə həzm olunmur. Eyni zamanda, balıq, dəniz məhsulları omeqa 3, yağ turşuları, D vitamini ilə zəngindir. Bu da uşaqların inkişafında çox böyük rol oynayır”.

Pediatr qeyd edib ki, gündəlik rasionda mütləq istifadə edilən rəngli meyvə və tərəvəzlər, zülal baxımından zəngin qidalar, süd və süd məhsulları immunitetin güclənməsi üçün vacibdir:

“Tam taxıllar (yulaf, qreçka, qarabaşaq, qara çörək) uşağın enerji balansını saxlayır.  Qoz, badam, fındıq, ərik qurusu, kişmiş kimi quru meyvə və çərəzlər həm enerji verir, həm də dəmir, maqnezium, sink kimi minerallarla zəngindir. Uşağın gündəlik maye qəbulu vacibdir, su içməyi vərdiş halına gətirmək lazımdır. Şəkərli içkilər, qazlı sular, çoxlu şokolad və paketlənmiş fast-food məhsulları immun sistemini zəiflətdiyi üçün uzaq tutulmalıdır”. 

G.Ağayeva bildirib ki, uşaqlara qida mütləq müəyyən rejimlə, kiçik porsiyalarla və gündə 4-5 dəfə verilməlidir:

“Axşam yeməkləri yüngül, amma vitamin-mineral baxımından balanslı olmalıdır. Qidalanma ilə yanaşı, normal yuxu rejimi, təmiz havada gəzmək, fiziki aktivlik də immun sistemini gücləndirən əsas amillərdəndir”.

Seçilən
6
6
adalet.az

10Mənbələr