Azərbaycan polisi öz vəzifəsini qətiyyətlə, layiqincə və uğurla yerinə yetirir
Azərbaycanın sabitliyin, təhlükəsizliyin və asayişin etibarlı təmini baxımından regionda və dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən olması faktdır. Dövlətimizin və xalqımızın mənafeyi naminə hər cür rəşadət göstərməyə qadir olan Azərbaycan polisinin, daxili işlər orqanlarının hər bir strukturunun fəaliyyəti göstərir ki, ölkəmiz sosial-iqtisadi inkişafla yanaşı, həm də asayişin, əmin-amanlığın qorunması və cinayətkarlığa qarşı mübarizə sahəsində də liderlər cərgəsindədir.
Peşəkarlığın, sayıqlığın və operativliyin nümunəsi
Bu günlərdə Xankəndi şəhərində baş vermiş hadisə bir daha Azərbaycan polisinin peşəkarlığının, daxili işlər orqanları əməkdaşlarının təhlükəsizliyin keşiyində hər an sayıq dayanmalarının möhtəşəm nümunəsi oldu.
Xatırladaq ki, sentyabrın 14-də Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyan yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqçanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.
Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti birgə cinayət işi qaldıraraq əməliyyat-istintaq tədbirləri aparırlar.
Sabitliyin və təhlükəsizliyin keşiyində
Əgər həmin gün xidmətdə olan polis əməkdaşlarının sayıqlığı olmasaydı, yəqin ki, K.Avanesyan terror hadisəsi törədərdi. Lakin polisimizin fədakarlığı nəticəsində o niyyətinə çata bilmədi.
Ümumiyyətlə, Azərbaycan polisi həmişə öz vəzifəsini layiqincə yerinə yetirib, dövlətçiliyin və təhlükəsizliyin keşiyində mətin dayanıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq-mühafizə siyasətinin sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik hər zaman etibarlı şəkildə qorunur. Cinayətkarlıqla mübarizə, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilir, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik etibarlı şəkildə təmin olunur.
Torpaqlarımızın azad olunması uğrunda mübarizədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bölmələri fədakarlıqla döyüşərək, erməni işğalçıları üzərində şanlı Zəfərin qazanılmasında öz sözlərini dedilər. 44 günlük savaşdan və antiterror tədbirlərindən sonra Azərbaycan polisinin və Daxili Qoşunların fəaliyyətində yeni şərəfli missiya başlayıb. İşğaldan azad edilmiş ərazilərdə ictimai qaydaların və təhlükəsizliyin təmin olunmasında, Böyük qayıdış proqramının uğurlu icrasında, Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsində daxili işlər orqanları şərəfli xidmət həyata keçirirlər.
Əldə olunan uğurlar daxili işlər orqanlarını arxayınlaşdırmır və Xankəndidəki hadisənin qarşısının alınması da göstərir ki, Azərbaycan polisi öz vəzifəsini layiqincə və əzmlə yerinə yetirir. Bu hadisə bir daha təsdiqlədi ki, Ümummilli Lider Heydər Əliyevin əmanəti olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən respublikamızda sabitlik möhkəm qorunur, hər hansı təxribatın, konstitusiyaya zidd hərəkətlərin qarşısı Azərbaycanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən qətiyyətlə alınır.
Bəli, güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş respublikamızın daxili işlər orqanları qarşılarında dayanan vəzifənin öhdəsindən uğurla gəlirlər. Dövlətin və xalqın keşiyində dayanan Azərbaycan polisi ictimai sabitliyə təhlükə yaradan istənilən təhdidə qarşı barışmazdır.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"