EN

Xronika: "Qərbi Azərbaycanda soydaşlarımızın izləri məqsədli şəkildə silinib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Prezident mükafatçısı, şair-publisist Azadə Novruzova olub.
O, doğulub boya-başa çatdığı Qarakilsə rayonunun Şəki kəndindən danışıb. Bildirib ki, Şəki kəndinin adı Sak tayfasının adı ilə bağlıdır. Qədim tarixə malik bu kənddə əsrlər boyu Azərbaycan türkləri yaşayıb. Milli-mənəvi dəyərlər, adət-ənənələr və İslam dinindən irəli gələn inanclar bu yaşayış məntəqəsinin sakinləri tərəfindən daim qorunub, nəsildən-nəslə ötürülüb. A.Novruzova Şəki kənd orta məktəbində təhsilə xüsusi diqqət yetirildiyini, şagirdlərin təlim-tərbiyəsi ilə yüksəkintellektli müəllim kadrların məşğul olduğunu vurğulayıb. Deyib ki, məhz həmin müəllimlərin böyük əməyi sayəsində Şəkidə ziyalı mühit formalaşıb.
Müsahib doğma kəndinə sonradan ermənilərin köçürüldüyünü söyləyib. Onun sözlərinə görə, əvvəlcə İrandan gətirilən 25 ailə Şəkidə məskunlaşdırılıb. Sonrakı illərdə onların sayı məqsədli şəkildə artırılıb. Sadəcə Şəki kəndində və Qarakilsə rayonunda deyil, ümumən Qərbi Azərbaycanda soydaşlarımızın sıxışdırılmasına başlanılıb. İrəvanda gənclərin ali təhsil almalarına, həmçinin Azərbaycanda ali təhsil alan gənclərin sonradan doğma Vətəninə qayıdaraq müvafiq işlə təmin olunmalarına süni əngəllər yaradılıb. Bununla da dinc dövrlərdə gənc kadrların Qərbi Azərbaycandan didərgin salınması siyasəti planlı şəkildə həyata keçirilib. Paralel olaraq azərbaycanlılara məxsus izlər yaşayış məntəqələrindən silinib. Ermənilər hətta tarixi abidələri məhv etməkdən və onları saxtalaşdırmaqdan çəkinməyiblər.
Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və deportasiyalardan danışan A.Novruzova əlavə edib ki, quldur Andranikin silahlı dəstəsi 1918-ci ildə Qarabağ və Zəngəzurda, o cümlədən Şəki kəndində böyük qırğınlar törədib. Onun sözlərinə görə, bu hadisələr zamanı babasının bütün ailə üzvlərini ermənilər vəhşicəsinə öldürüb. Sonrakı illərdə də ermənilər Qərbi Azərbaycanda məqsədli qaydada nifaq salıb, ədavət yaradıb, azərbaycanlıları öz ata-baba yurdundan köçməyə məcbur ediblər. 1988-ci ildən başlayaraq, millətçi ermənilər Şəki kəndinin azərbaycanlı sakinlərinə açıq hücumlar edib, onların evlərini yandırıb, soydaşlarımızı fiziki və mənəvi işgəncəyə məruz qoyub, ölümlə hədələyiblər. Bu kimi hadisələr nəticəsində Qərbi Azərbaycandan bütün həmvətənlərimiz deportasiya olunaraq dünyanın müxtəlif ölkələrinə səpələnib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Chosen
42
3
oxu.az

4Sources