Yaxud yalançı-kamuflyajlı təbliğat həqiqətin əzəməti qarşısında acizdir
Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz Liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Azərbaycanın regionda və bütövlükdə Avrasiya məkanında artan rolunu, ölkəmizin Asiya ilə Avropa arasında körpü rolunun beynəlxalq səviyyədə qəbul edilməsini, həm inkişaf etməkdə olan ölkələrlə, həm də Qərb gücləri ilə əməkdaşlıq etməklə yeni dünya düzənində balanslı siyasət yürütməsini həzm edə bilməyən qüvvələri və onların ruporu olan ölkə daxilindəki “beşinci kolon”un ünsürlərini ciddi narahat edir, əsəblərini tarıma, yuxularını ərşə çəkir.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, ölkəmizin dünya dövlətləri tərəfindən etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə kimi qəbul edilməsi, iqtisadi imkanlarını artırması və digər amillər eyni zamanda müəyyən güc mərkəzlərini, eləcə də bəzi region dövlətlərini narahat edir. Məhz həmin dairələrin dirijorluğu ilə “sapı özümüzdən olan baltalar”-AXCP sədri Əli Kərimlini, Cəmil Həsənlini, Qənimət Zahidi, Arif Yunusu, Arif Məmmədlini, Sevinc Osmanqızını və digərlərini çirkli pullarla bəsləyərək, necə deyərlər, qısqırdaraq üstümüzə salırlar. Bu marginalların dünyada baş verən proseslərin fonunda Azərbaycanın milli maraqlara xidmət edən daxili və xarici siyasətinə ləkə yaxmaları, eləcə də Şuşa-Laçın yolunda azərbaycanlı fəalların aksiyası və digər proseslərlə bağlı son günlərdə sosial şəbəkələrdəki çıxışları onların erməni lobbisinin təsiri altında olan təşkilatlarla sinxron fəaliyyətini açıq-aşkar ortaya qoyur.
Anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirən məlum “5-ci kolon”nun ünsürləri sosial şəbəkələrdə, o cümlədən “You Toube” və “Facebook”da ölkəmizin uğurlarına kölgə salmağa çalışır, yalan informasiyalarla ictimai rəyi çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar.
Sosial şəbəkələrdə dağıdıcı fəaliyyətlərini davam etdirən bu antimilli mikroblar ölkəmizin əleyhinə təbliğat aparmaqla xaricdəki Azərbaycan əleyhdarı olan “ağalarının” könlünü alaraq onların sifarişlərini yerinə yetirmək üçün yeni metodlardan, daha doğrusu, köhnə priyomlardan istifadə etməyə başlayıblar. Bu xəyanətkarlar öz çirkin əməlləri, məkrli planları ilə bir daha göstərdilər ki, onların məqsədləri ölkəni qarışdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ermənipərəst dairələrin və ermənilərin sifarişlərini yerinə yetirməkdir.
Anti-Azərbaycan dairələrdən ölkəmizə qarşı ideoloji təxribat aparmaq tapşırığını alan bu xəyanətkarların sosial şəbəkələrdəki qaragüruhçu fəaliyyəti bir daha göstərir ki, onlar bu istiqamətdə erməni lobbisi ilə eyni müstəvini bölüşürlər. Hələ bu harasıdır? Sular durulduqca çox şeylər üzə çıxır, çox mətləblərin üstünə gün işığı düşür. Korporativ maraqlar, şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyətini və təəssübünü, mənəviyyatını, həqiqət duyğusunu Azərbaycan əleyhdaralarının beş-on quruşuna satan, başda AXCP sədri, xəyanətkar xislətli Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli olmaqla dağıdıcı müxalifətin rüsvayçı şəkildə tarix səhnəsindən silinməsi qaçınılmaz prosesə çevrilib. Bu cütlüyün, eləcə də onların rəhbərlik etdikləri, AXCP və “Milli Şura”da təmsil olunanların əsas bəlası isə uzunmüddətli antimilli fəaliyyət nəticəsində marginallaşaraq sosiallaşmadan məhrum olmaları və bu üzdən də Azərbaycan cəmiyyətinə adaptasiya oluna bilməmələridir. İctimaiyyətimiz yaxşı bilir ki, antimilli fəaliyyəti ilə cəmiyyətdən özünü təcrid edən, erməni lobbisinin təsirində olan bəzi fondların, maliyyə mərkəzlərinin sifariş və tapşırıqlarını yerinə yetirən bu ünsürlər əslində çoxdan anti-Azərbaycan şəbəkənin oyuncaqlarına çevriliblər.
Əvvəllər dediyimiz kimi, Azərbaycan əleyhdarlarının bütün bu cəhdləri mənasızdır. Çünki hər bir azərbaycanlı yaxşı bilir ki, ölkəmizə qarşı mənəviyyatsızcasına qarayaxma kampaniyası aparan bu məkrli qüvvələr gec-tez məğlub olacaqlar. Heç bir dəyər tanımayan, vicdan ölçüsü daşımayan, əxlaqı pozuq, mənliyini, milli qürurunu, şərəf və ləyaqətini şəxsi maraqlarına, üç-beş qəpiyə satan bu xəyanətkar merkantillərin dövlətimizin mənafeyinə, milli maraqlarımıza zidd, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirən xəyanətkar əməlləri cəmiyyətimiz tərəfindən çox ciddi təxribat kimi dəyərləndirilərək birmənalı şəkildə rədd edilir. İctimaiyyətimizin qəti fikri belədir ki, Azərbaycan əleyhdarı olan qüvvələrlə işbirliyində olan bu marginal, satqın, mənəvi-əxlaqi deqradasiyaya uğrayan, xəyanətə vərdiş edən qaragüruhçu dəstə tarix və xalq qarşısında cavab verərək gec-tez öz layiqli cəzasını alacaq.
Zahid Rza, “İki sahil”