EN

Saziş imzalanma ərəfəsindədir - İrəvanda isə hələ də 2022-nin 13 sentyabrı “təcavüz tarixi” hesab olunur...


Akif Nağı: “Bu cür təxrubatlar törətməklə, Azərbaycana qarşı belə təbliğat aparmaqla bizə qarşı hansısa mənfi rəy yaratmağa çalışırlar”

Ermənistan mətbuatı Azərbaycana qarşı təxribatlarını bu gün də davam etdirir. Təəssüflər olsun ki, Ermənistandakı müəyyən dairələr hələ də ölkəmizə qarşı qara kampaniya aparmaqdadır.

Vaşinqton görüşlərindən bir aydan çox vaxt keçib, həmin görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb, bir sıra məsələlərdə razılığa gəlinib, iki ölkənin müvafiq strukturları arasında demarkasiya və delimitasiya prosesi barədə fikir mübadiləsi aparılır, müzakirələr gedir, belə bir vaxtda Ermənistan mediası iddia edir ki, üç il bundan əvvəl Azərbaycan guya Ermənistan ərazisinə hansısa “təcavüz edib” və hərbçilərimiz hələ də həmin ərazidədir.

Guya rəsmi məlumata görə, “döyüşlərdə erməni tərəfi 224 nəfər itki verib”.

Ermənistan parlamentinin deputatı Artur Xaçatryan yazıb ki, 2022-ci il sentyabrın 13-dən “Azərbaycan təcavüzü” nəticəsində 200-dən çox erməni hərbçi və mülki şəxs həlak olub(?).

Təbii ki, ermənilərin iddiaları tamamilə əsassızdır. Azərbaycan rəsmi səviyyədə dəfələrlə Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib və Azərbaycan heç bir ölkənin ərazisinə təcavüz etməyib. Təcavüzkarlıq, işğal Ermənistana xasdır ki, ərazilərimizi işğal edib 30 il qaytarmaq istəmədi.

“Heç bir işğaldan, təcavüzdən, həmin əraziləri ələ keçirməkdən söhbət getmir”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, 2022-ci ilin 12 sentyabrından başlayaraq 14-nə qədər ermənilər cəbhənin Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində əks-hücuma keçib təxribat törətdilər. “Azərbaycana qarşı hansısa niyyətlərə nail olmaq istəyirdilər. Görünür, həm də Azərbaycanın 2020-ci ildə Ermənistanın təxribatına cavab olaraq başladığı döyüş əməliyyatlarının ildönümündə ermənilər özlərini göstərmək istəyirdilər, Azərbaycan ərazilərini ələ keçirməyə çalışırdılar. Azərbaycan Ordusu əks-həmlə ilə onların niyyətlərini puça çıxardı, həmin istiqamətlərdə ağır döyüşlər getdi. Azərbaycan Ordusunun itkiləri də oldu. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 80 nəfər Azərbaycan hərbiçisi şəhid oldu, 280-dən artıq hərbiçimiz isə yaralandı. Ermənilərin itkisi daha çox oldu. Onların özlərinin dolayısı ilə etiraf etdiklərinə görə, 200-dən artıq itkiləri, ölənləri, 300-dən artıq isə yaralıları oldu. Ermənilərin bu təxrubatının qarşısı alındı və həmin ilin noyabrında-8 noyabr Zəfər günündə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada hərbiçilər qarşısında çıxış edərkən məsələnin mahiyyətini bir daha diqqətə çatdırdı ki, erməniər təxribat törətdilər və cavablarını aldılar. Azərbaycanla Ermənistan arasındakı şərti sərhəd boyunca müəyyən yüksəkliklər ermənilərin nəzarətində idi, onlar həmin yüksəkliklərdən Azərbaycana təhlükə törədirdilər və Azərbaycan Ordusu əks-tədbirlər həyata keçirərək, Ermənistanın təxribatının qarşısını alaraq həmin yüksəklikləri nəzarətə götürdü. Yəni məsələnin mahiyyəti bundan ibarətdir ki, Azərbaycan Ordusu ermənilərin təxribatına cavab olaraq Azərbaycanla Ermənistan arasındakı şərti sərhəd boyunca, xüsusilə də Laçın rayonu istiqamətində bir sıra yüksəkliklərə nəzarəti götürdü. Burda məqsəd birincisi odur ki, Azərbaycan strateji təşəbbüsə malik olmalıdır, çünki ermənilər istənilən an təxribat törədə bilərdilər, yüksəkliklərə nəzarət Azərbaycanda olmalıdır. İkincisi, Azərbaycan həmin yüksəkliklərə nəzarət etməklə geniş bir ərazini nəzarətdə saxlayır. Ermənilər iddia edirlər ki, Azərbaycan hərbiçiləri guya Ermənistan ərazisinə girib, belə deyil. Əslində Azərbaycan Ordusu strateji yüksəklikləri nəzarətə götürməklə Ermənistanın İstisu, Bala Göyçə və digər istiqamətlərdəki əraziləri, o cümlədən Qarakilsəni, Gorusu, Qafanı vizual olaraq nəzarətdə saxlayır. Yəni heç bir işğaldan, təcavüzdən, həmin əraziləri ələ keçirməkdən söhbət getmir”.

A.Nağı qeyd etdi ki, Azərbaycan sərhəd boyunca yüksəklikləri nəzarətə götürdü və həmin yüksəkliklərdən həmin ərazilərə nəzarət edir, ermənilər bunu bilməlidirlər. A.Nağının fikrincə, burda üçüncü məsələ isə ondan ibarətdir ki, Azərbaycan bu yüksəklikləri həm də ona görə nəzarətə götürdü ki, ermənilərin növbəti təxribatlarına imkan verməsin. “Vəziyyət bu şəkildə davam edir, Azərbaycan tərəfi haqlıdır. Bu gün ermənilər müəyyən məsələləri, faktları saxtalaşdırırlar. Hadisəni sentyabrın 15-nə çəkirlər, halbuki, bu hadisə 12-14 sentyabrda baş verib. Bu əsassız iddianı irəli sürənlər revanşist qüvvələrdir, Paşinyan hakimiyyətinə qarşı müəyyən məqamlardan istifadə etməyə çalışırlar. O cümlədən bu faktı saxtalaşdıraraq erməni cəmiyyətində belə bir ictimai rəy formalaşdırmaq isəyirlər ki, Paşinyan guya məğlubdur və məğlubiyyətinin nəticələrini aradan qaldırmaq istəmir. Bu, Ermənistan hakimiyyətinə qarşı siyasi-ideoloji mübarizənin göstəriciləridir. Əslində Azərbaycan öz haqlı mövqeyini müdafiə edib. Onsuz da bu müharibədə Azərbaycan qalib tərəfdir. Hansısa yüksəklikdə yerləşib-yerləşməməsinin fərqi yoxdur. Ermənistan rəhbərliyi, Ermənistan ordusu məğlub, Azərbaycan isə qalib tərəfdir. Bunu da ermənilər başa düşməlidir. Hakimiyyətdə olanlar bunu başa düşürlər, amma yenə təxribatlar törətməyə çalışırlar”.

A.Nağı qeyd etdi ki, istər Ermənistanda özünü müxalifət adlandıranlar, istərsə də digərləri olsun, onlar Azərbaycanın qalib tərəf olduğunu qəbul etməli, bizim qələbəmizlə hesablaşmalıdırlar. “Sadəcə, onlar bizim qələbəmizlə hesablaşmaq istəmirlər, bu cür təxrubatlar törətməklə, Azərbaycana qarşı belə təbliğat aparmaqla bizə qarşı hansısa mənfi rəy yaratmağa çalışırlar ki, Azərbaycan guya “işğalçıdır”. Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Bu gün Ermənistanın yerləşdiyi bütün ərazilər Azərbaycan torpaqlarıdır. Özü də uzaq keçmişdə yox, cəmisi 100 il bundan əvvəl Ermənistana verilmiş ərazilərdir. Azərbaycanın haqqı var ki, İrəvanı da, Göyçəni də, Dərələyəzi də, Qərbi Zəngəzuru da tam şəkildə tələb etsin. Onlar başa düşməlidirlər ki, Azərbaycan, torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdu, oranı azad edib, eyni zamanda Şərqi Zəngəzur istiqamətində hakim yüksəklikləri nəzarətə götürməklə özünün haqqını reallaşdırıb, həmçinin də ermənilərin törədə biləcəyi təxrubatların qarşısını alıb. Ermənistanda kimlərinsə bu hadisələri təhrif etməsinin, yaxud təhrif olunmuş məlumatlardan öz siyasi məqsədləri üçün istifadə etmələrinin, beynəlxalq təşkilatlara müraciət ünvanlamaqlarının mənası yoxdur. Bir müddət əvvəl Ermənistan rəhbərliyi, Paşinyan da bununla bağlı hay-küy salırdı və beynəlxalq təşkilatlar qarşısında bu məsələni qaldırmaq istəyirdi. Amma Azərbaycan beynəlxalq təşkilatların qarşısında öz haqlı mövqeyini ortaya qoydu və beynəlxalq təşkilatlar Azərbaycanın bu mövqeyini tam şəkildə qəbul edir”-deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA

Chosen
72
baki-xeber.com

1Sources