EN

Azərbaycanda ət niyə bahadır? – "monopoliyadır, yem baha, su da yoxdur"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Son 10 il ərzində Azərbaycanda ətin qiyməti üç dəfəyədək bahalaşıb.

Qida üzrə mütəxəssis Ağa Salamov BBC Azərbaycancaya deyib ki, 2015-ci ildə ətin qiyməti 7-8 manat idisə, indi ətin qiyməti rekord həddə 22 manata çatıb.

"Belə davam edərsə, ən geci 2030-cu ilə kimi, ən tezi isə 2027-2028-ci ilə kimi ətin qiyməti 30 manatadək bahalaşa bilər", Ağa Salamov deyib.

O, son dövrlərdə Azərbaycanda ətin qiymətinin bahalaşmasını heyvandarlığa marağın azalması ilə əlaqələndirir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, YouTube kanalımızda baxın.

Onun sözlərinə görə kənd yerlərində örüş sahələrinin azalması, yem qiymətlərinin bahalaşması, baytarlıq xidmətində kəndliyə yardımın göstərilməməsi, eləcə də məhsul satışında yaradılan süni əngəllər nəticədə bu sahəyə olan marağı azaldır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, bahalaşmanın səbəblərindən biri mal-qara sahiblərinin öz məhsullarını lazımi qədər bazara çıxara bilməməsidir.

Sosial media istifadəçiləri arasında heyvandalıqla məşğul olduğunu deyənlərdən bəziləri ölkədəki monopoliyanı da qiymət artımına əsas səbəb kimi göstərirlər.

Novruzəli adlı istifadəçi yazır ki, "Azərbaycanda mal, qoyun məmurların inhisarındadır, qiymətin qalxmasında da onlar maraqlıdır. Kəndləri elə günə qoyublar ki, artıq demək olar ki, hamı kənddən qaçmaq istəyir".

İsa Mikayıl adlı istifadəçi isə problemin kökünü bölgələrdəki su qıtlığı ilə izah edir.

"4 hektar yonca sahəsini yalnız 1 dəfə biçmişəm, su yoxdur deyə, yem də yoxdur. Qış üçün yığdığım yemin bir hissəsini artıq heyvanlarıma yedizdirmişəm. Səncə mən ziyanla işlədiyim üçün bir də o mal-qaranı saxlayarammi?", - İsa Mikayıl adlı istifadəçi yazıb.

Ağa Salamov deyir ki, ətin qiymətinin artması digər xidmət sahələrində də bahalaşmaya səbəb olur.

"Günü-gündən restoranlar çoxalır, otellər, turizm və bu iaşə obyektlərində ən çox quzu əti istifadə olunur. Çünki bizim milli yeməklərimizdə kabablar, qazan yeməkləri var. Ətin qiymətinin qalxması maya dəyərinə təsir edir. Baxırsan ki, menyularda da qiymətlər artıb. Misal üçün 2-3 il əvvəl gedib oturub, 8 manata kabab yeyə bilərdiniz, amma indi onun qiyməti 12-13 manatdır", - mütəxəssis qeyd edib.

Sosial mediada Eylaz İsmayılov adlı istifadəçi isə deyir ki, "ət istehsalını artırmaq üçün rayonlarda qanunsuz zəbt edilmiş, məmurlara məxsus otlaqların əhaliyə qaytarılması birinci şərtdir".

"Əksər rayonlarda örüş otlaqlarını mülkədarlar tutub bağ salırlar. Kəndlilərin işi zülmdür. Heç bir dəstək görmürlər. Çətinlik yaradan çoxdur. Kəndli öz məhsulunu normal sata bilmir. Vəziyyət 5-6 altı ildən sonra daha da ağırlaşacaq - hamı paytaxtdadır", - Aleksandr Vəzirov adlı istifadəçi ətin bahalaşmasına belə reaksiya verib.

Bir müddət əvvəl Azərbaycanda mal ətinin qiyməti 2 manat bahalaşaraq 15 manatdan 17 manata yüksəlib.

Quzu ətinin bir kiloqramı isə artaraq 21-22 manata çatıb.

Chosen
36
bbc.com

1Sources