Ceyhun Məmmədov
Milli Məclisin deputatı
107 il əvvəl - 1918-ci ilin 15 sentyabrında Azərbaycan xalqı tarixi bir qurtuluş gününə şahid oldu. Bakı düşmən işğalından azad edilərək milli dövlətçiliyimizin təməl daşlarından birinə çevrildi.
Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Qüvvələrinin birgə qəhrəmanlığı nəticəsində Bakıda azadlıq bayrağı ucaldıldı. Bu, təkcə hərbi qələbə deyildi – bu, milli iradənin, azadlıq amalının və qardaşlığın rəmzi idi.
Bakının azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsinə, milli dövlətçilik ideyalarının daha da güclənməsinə xidmət etdi. O günün qəhrəmanlarının fədakarlığı bu gün də xalqımızın yaddaşında silinməz iz buraxıb.
Bu gün biz həmin şanlı tarixi qürurla yad edir, şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla anırıq. Qəhrəmanlıqla yazılmış o səhifə Azərbaycan xalqının azadlıq iradəsinin əbədi simvoludur.
Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığı tarix boyu gücümüzün dayağı olmuş, bu gün də davam etməkdədir. 1918-ci ildə Bakının azadlığında yan-yana döyüşən Azərbaycan və Osmanlı Türkiyəsinin övladlarının qanı eyni torpaqda qarışdı. Bu qardaşlıq ruhu xalqımızın yaddaşında əbədi olaraq yaşayır.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi bu münasibətlərin əsasını qoydu. Bu gün isə cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan regionun söz sahibi, qalib və güclü dövlətinə çevrilib.
Tariximizdən aldığımız güc, bu günümüzün zəfərləri və gələcəyimizin parlaq yoludur! Bu gün hər birimiz – xüsusilə də gənc nəslimiz – həmin şanlı irsi yaşatmaq, dövlətimizi daha da möhkəmləndirmək, Vətənimizə sədaqətlə xidmət etmək kimi böyük bir məsuliyyət daşıyırıq. Gənclərimizin üzərinə düşən vəzifə, yalnız qəhrəmanlıq tariximizi qorumaq deyil, həm də onu yeni nailiyyətlərlə zənginləşdirməkdir.