EN

“Prezidentə yazdı ki, əzrayıldan möhlət almışam...” – 113 yaşında Kəlbəcərə qayıdan qadının oğlu DANIŞDI

Noyabr ayında Kəlbəcərin azad olunmasının 5 ili tamam olacaq. İşğal zamanı yurdunu tərk etmək məcburiyyətində qalan minlərlə sakin arasında Xeyrənisə Baxışəliyeva da vardı. 1993-cü ildə Kəlbəcərdən çıxanda onun 82 yaşı vardı. Bu gün isə 113 yaşında – ömrünün ən müdrik çağında doğma yurda dönür.

Onun sevinci, yaşadığı duyğular sözlərlə ifadə edilməyəcək qədər dərin, yaddaşlara köçəcək qədər əzizdir.

ABDULLA.jpeg

Oğlu, 80 yaşlı Əli Abdullayev Musavat.com-a danışarkən bu unudulmaz qayıdışın təəssüratlarını bölüşüb:

"Siz düşünün, anam 82 yaşında Kəlbəcəri tərk etmişdi. İndi isə 113 yaşında geri dönür. Onun hansı hissləri keçirdiyini təsəvvür edin. Çox sevinir, sevincinin həddi-hüdudu yoxdur. Ən böyük arzusu tezliklə Kəlbəcərə çatmaq, əyilib o torpağın daşını öpməkdir. Kim inanardı ki, 32 ildən sonra o, sağ qalacaq və öz doğma vətənində anasının qəbrini ziyarət edəcək..."

Xeyrənisə nənə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məktub da yazıb.

Məktubunda isə belə deyib:

"Mən əzrayıldan bir möhlət istədim. O da mənə vaxt verdi ki, ölməyim, gedim o torpağı görüm".

Əli Abdullayev deyib ki, həmin məktubdan sonra ailəyə dövlət tərəfindən dəstək göstərilib, Kəlbəcərdə onlara ev ayrılıb:

"Bu günümüzə görə şükür edirik. Biz əbədi olaraq Kəlbəcərə qayıdırıq".

ABDUL.jpeg

Oğlu anasının fiziki gücündən də söz açıb:

"Anam çox qıvraq, qoçaq qadındır. Ötən dəfə Murov dağının ətəklərindən keçərkən mən təngənəfəs oldum, amma anam sürətlə yeriyirdi. Hətta mənə dedi: "Dünənki uşaqsan, nə tez yoruldun?". Sanki illərin ağırlığı ona toxunmayıb. Onun bircə arzusu var – ömrünün sonuna qədər Kəlbəcərdə yaşamaq".

Xeyrənisə Baxışəliyeva Kəlbəcərdə 5 övlad böyüdüb. İndi isə ömrünün bu çağında yalnız Əli Abdullayev onun yanındadır. Amma ana bir arzunun gerçəkləşməsinin sevincini yaşayır – doğma yurda dönüşün, torpaqla görüşün sevincini.

SEVİN.jpeg

113 yaşlı Xeyrənisə Baxışəliyevanın qayıdışı sadəcə bir insanın deyil, bir xalqın yaddaşına həkk olunacaq: doğma yurddan didərgin düşsə də, ümidini heç vaxt itirməyənlərin qələbəsi kimi...

Şahanə Rəhimli
Musavat.com

Chosen
22
musavat.com

1Sources