EN

“TRT Haber” Qafqaz İslam Ordusunun qəhrəmanlığı barədə reportaj hazırlayıb  

Türkiyənin “TRT Haber” telekanalı Bakının bolşeviklərdən və daşnaklardan azad edilməsinin ildönümünə həsr olunmuş reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, xəbər kanalının çoxmilyonlu tamaşaçı auditoriyasına Azərbaycanın dövlətçiliyi və azadlığı uğrunda mübarizənin qəhrəmanlıq səhifələri barədə məlumat verilib.

Məlumatda qeyd olunur ki, qardaş Azərbaycanın yardım çağırışına cavab olaraq, Osmanlı dövlətinin hərbi işlər naziri Ənvər Paşa qardaşı Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun yaradılması haqqında əmr imzalayıb.

Telekanal 1918-ci ildə Cənubi Qafqazda baş verən faciəli proseslərdən, o cümlədən həmin ilin mart ayının sonunda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından danışan türkiyəli tarixçi, dosent Quzin Çaykıran Bilcinin fikirlərinə istinad edib.

Tarixçi qeyd edib ki, həmin dövrdə Osmanlı dövlətinin müttəfiqi Almaniya “Berlinin Bakı neftinə nəzarət etmək istədiyi üçün” Qafqaz İslam Ordusunun missiyasına qarşı çıxıb. O əlavə edib: “Almaniyanın müqavimətinə baxmayaraq, Osmanlı hakimiyyəti öz addımlarını Azərbaycan hökuməti ilə yaxından əlaqələndirən Qafqaz İslam Ordusunun irəliləyişini davam etdirmək əmrini verdi. 1918-ci il sentyabrın 15-də 30 saatlıq döyüşdən sonra Bakı azad edildi. Qafqaz İslam Ordusunun 1130 döyüşçüsü Azərbaycan paytaxtı uğrunda döyüşlərdə şəhid oldu”.

Q.Ç. Bilci qeyd edib ki, Azərbaycan xalqı Nuri Paşanın ordusunun döyüşçülərini xilaskar kimi qəbul edir. Onun sözlərinə görə, Qafqaz İslam Ordusunun birlikləri 1919-cu ildən başlayaraq türk xalqının milli-azadlıq mübarizəsində iştirak edib, bununla da Türkiyənin özünün mənafeyinin qorunmasına mühüm töhfə verib.

Chosen
41
3
azerbaijan-news.az

4Sources