ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 sentyabr, AZƏRTAC
Astronomlar NASA-nın “James Webb” kosmik teleskopu tərəfindən bu yaxınlarda kəşf edilmiş və açıqlana bilməyəcək dərəcədə böyük kütlələrə malik bir çox erkən qalaktikaların “qara ulduzlar” ola biləcəyinə dair sübutlar tapıblar. Bunlar isti qaz qabığı olan superkütləli qara dəliklərdir. AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniyanın Maks Plank Astronomiya İnstitutunun (MPIA) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir: “Təhlil və müşahidələrimiz zamanı biz 35 qədim qalaktikanın xüsusiyyətlərini kəşf etdik və tədqiqatların nəticələrinə görə, onlardan bəziləri “James Webb” kosmik teleskopundan əvvəl əldə edilmiş şəkillərdə də aşkarlanıb. Eyni zamanda, spektrinin unikal quruluşuna görə “Uçurum” adlandırdığımız əvvəllər naməlum obyektlərdən biri Kainatın ən qeyri-adi nümunələrindən biri olub”.
Astronomlar qeyd etdiyi kimi, “James Webb” orbital teleskopunun əldə etdiyi kainatın son şəkilləri astronomların “zəif qırmızı nöqtələr” adlandırdığı və əvvəllər məlum olmayan qədim qalaktikaların mövcudluğundan xəbər verir. Onlar radiasiya spektrinin qeyri-adi strukturuna malik primitiv qalaktikalardır və kütləsi böyümə prosesini təsvir edən cari nəzəriyyələrdə olduğundan xeyli yüksəkdir.
Belə bir anomaliya bu qalaktikaların təbiəti ilə bağlı çoxlu müzakirələrə səbəb olub və alimləri erkən Kainatda bu obyektlərin böyümə mexanizmlərinin müasir dövrdə kütlə qazanmalarından fərqli olub-olmaması barədə mübahisə etməyə sövq edib. Avropa və Amerika astronomları “Uçurum”un müşahidələri zamanı əldə edilən məlumatların təhlili nəticəsində “zəif qırmızı nöqtələr”in bütün əsas qeyri-adi xüsusiyyətlərinə alternativ izahat təklif ediblər.
Astronomlar Yerdən 12 milyard işıq ili uzaqlıqdakı Cetus bürcündə yerləşən erkən qalaktikanı UDS-154183 adlandırıblar. Bu obyekt qeyri-adi dərəcədə böyük miqdarda ultrabənövşəyi şüalanma əmələ gətirir və onun spektr strukturunda çox güclü “Balmer sıçrayışı” var, yəni, qısa dalğalardan uzun dalğalara keçərkən şüalanmanın parlaqlığında kəskin dəyişiklik olur ki, bu da adətən böyük yaşlı ulduzlar və ya çoxlu sayda belə işıq saçan qalaktika üçün xarakterikdir.
Alimlər ilkin qalaktikaların müxtəlif variasiyalarının kompüter modellərindən istifadə etməklə “Uçurum”u böyütməyə çalışıblar, lakin onların heç biri bu qalaktikanın böyük kütləsi və kiçik ölçüsü, təxminən 130 işıq ili nəzərə alınmaqla UDS-154183 spektrinin strukturunu təkrarlaya bilməyib. Bu, alimləri inanmağa vadar edib ki, UDS-154183 qalaktika deyil, “qara ulduz” adlanan ekzotik obyekt - kütləsi Günəşdən təxminən 15 milyon dəfə böyük olan, çox isti, sıx və hidrogen-helium plazma buludunun əhatəsində yerləşən superkütləli qara dəlikdir. Tədqiqatçılar belə qənaətə gəliblər ki, erkən Kainatda çoxlu sayda belə “qara ulduzun” mövcudluğu bir çox erkən qalaktikanın anomal böyük kütləsini və qara dəliklərin qeyri-mümkün dərəcədə yüksək böyümə sürətini potensial olaraq izah edə bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.