EN

Hamburq limanında 400 kiloqramdan çox kokain aşkar edilib

Almaniyanın Hamburq limanında böyük miqdarda kokain ələ keçirilib. O’Svaldkai terminalında aparılan əməliyyat zamanı hüquq-mühafizə orqanları 400 kiloqramdan çox narkotik maddə aşkarlayıb.

Məlumata görə, kokain 20-dən çox idman çantasında gizlədilərək bir mikroavtobusun arxa hissəsinə yüklənmişdi. Narkotiklərin aşkarlanması isə liman işçilərinin sayıqlığı sayəsində mümkün olub.

İşçilər terminalın icazəsiz ərazisində iki nəfərin çantaları bir avtomobilə yüklədiyini görərək dərhal təhlükəsizlik xidmətinə məlumat veriblər. Hadisə yerinə gələn polis və gömrük əməkdaşları avtomobil sürücüsünü yerindəcə həbs ediblər, lakin ikinci şübhəli şəxs hadisə yerindən qaçmağa müvəffəq olub.

Qaçan şəxsin tutulması üçün onlarla polis əməkdaşı, xidməti itlər və bir helikopter cəlb edilib. Axtarış tədbirləri nəticəsində şübhəli şəxs günorta saatlarında terminal ərazisində bir avtomobilin altında gizlənmiş halda tapılıb və saxlanılıb.

Hazırda həbs edilən iki nəfər narkotik maddələrin qanunsuz dövriyyəsi və narkotik alveri ilə məşğul olmaqda şübhəli şəxs qismində istintaqa cəlb olunublar.

Hamburq Gömrük Xidməti bu müsadirəni son illər bölgədə aşkar edilən ən iri kokain partiyalarından biri kimi qiymətləndirib. Hazırda hadisə ilə bağlı istintaq davam etdirilir və narkotiklərin mənbəyi və təyinat nöqtəsi araşdırılır.

Chosen
25
veteninfo.az

1Sources