EN

Başqa birinin hesabına yanlışlıqla pul köçürdükdə, necə geri qaytaraq? - AÇIQLAMA

“Bir vətəndaşın digər vətəndaşın kartına yanlışlıqla köçürdüyü pulun geri qaytarılması elə də asan deyil. Məsələnin birmənalı polislə əlaqəsi yoxdur, çünki heç kim vətəndaşın pulunu zorla öz kartına köçürməyib. Vətəndaş özü səhv edib. Belə səhvə yol verən adam öz bankına müraciət etməlidir. Hər iki şəxsin kartı eyni bankda deyilsə, məbləği köçürən bank vəsaiti alan vətəndaşın bankına müraciət etməlidir. Eyni zamanda həmin bank özü müştərisinə məlumat verməlidir ki, sənin kartına səhvən pul gəlib, qaytaraq, ya yox? Artıq məbləği alan vətəndaş özü qərar verəcək. Qaytaran zaman deyəcək ki, qaytarma xərcini, yəni komissiya haqqını da qarşı tərəfin pulundan çıxın. Məbləği alan vətəndaş onu qarşı tərəfə geri qaytarmağa razılaşmasa, buna artıq bank qərar verə bilməz”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

 

“Bank haradan bilsin ki, pul səhv gəlib, ya düz? Bu halda bank qarşı tərəfə məlumat verir ki, hər şey düzgündür. Bank sirri var və buna görə də məbləği alan şəxsin adını heç kim qarşı tərəfə deməyəcək. Belə halda tək variant qalır ki, qarşı tərəf məbləği alanın bankını məhkəməyə versin. Artıq məhkəmədə qərar veriləcək ki, pul hansı şəxsin adına köçürülüb. Onda iddiada dəyişiklik ediləcək, məbləği alan şəxsin adı yazılacaq. Onu məhkəməyə çağıracaqlar ki, öz xoşuna qaytarasan deyə sənə müraciət olunmuşdu. Niyə qaytarmamısan? Bu adamın sənin qarşında öhdəliyi, borcu var idi? Yəni proses elə də asan deyil”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 15 Sentyabr 2025, 08:05   
Chosen
42
3
pravda.az

4Sources