EN

Kuba alması – Ağ Ev onu “yemək” üçün 64 ilin intirqasını davam etdirir

Kubalı dissidentlər növbəti dəfə dünya mediasının diqqət mərkəzinə düşüblər. Buna səbəb bu yaxınlarda Kubanın dissident qruplarından biri olan “Ağ libaslı xanımlar”ın lideri Berta Solerə təqdim edilən Lex Valensa mükafatı olub.

Polşanın xarici işlər naziri Radoslav Sikorskinin başçılıq etdiyi nümayəndə heyətinin Mayamidə keçirilən mükafatlandırma mərasiminə qatılan ABŞ dövlət katibi Marko Rubio tədbiri yüksək qiymətləndirərək, bunu “Ağ libaslıı xanımlar”ın Kubada demokratiya və insan haqları uğrunda apardığı mübarizənin beynəlxalq səviyyədə tanınması” kimi qiymətləndirib.

1959-cu ildə baş verən kommunist inqilabından sonra Kuba ABŞ-nin Qərb yarımkürəsində itirdiyi ən qiymətli neokoloniya sayılır. Vaşinqton qulağının dibindəki, Florida ştatının “beş addımlığı”ndakı “arxa bağçası”nın SSRİ-nin nəzarətinə keçməsi və kommunist dövlətə çevrilməsi ilə hələ də barışa bilməyib. “Azadlıq adası” iki super dövlət arasında “nifaq alması”na dönüb.

O vaxtdan bəri ABŞ Havananın Vaşinqtondan vassal asılılığını bərpa etmək üçün cəhdlərini davam etdirir. Bunun ən optimal yolu Kubadakı rejimi dəyişməkdir. Fidel və Raul Kastro qardaşlarının başçılıq etdiyi həmin rejim indiyədək Vaşinqtondan təşkil olunan saysız-hesabsız təzyiqlərə və sui-qəsd cəhdlərinə məruz qaldıqlarını bəyan ediblər. Bu iddialar xeyli şişirdilmiş olsa da, əsassız da deyil.

Hələ 1960-cı illərin əvvəllərində Amerika rəhbərliyi siyasi və ideoloji alətlərdən istifadə etməklə, o cümlədən Kuba cəmiyyətini ayağa qaldırmaqla Kastro rejimi üzərində qələbəyə nail olmaq üçün konsepsiya hazırlamışdı. MKİ-nin keçmiş əməkdaşı Filipp Eyci “MKİ gündəliyi” adlı kitabında Vaşinqtonun istəkləri haqqında yazıb. Kitabda bildirilir ki, Amerika hökuməti “Azadlıq adası”nda təxribat fəaliyyətləri üçün külli miqdarda vəsait ayırıb, bu işə müxtəlif sosial təbəqələrdən olan kubalıları cəlb etməyə, vətəndaş cəmiyyətinə agentlər yeritməyə çalışıb, dissidentləri maliyyələşdirmək və onların amerikalı kuratorlarla gizli əlaqə saxlamaq üçün texniki vasitələrlə təmin etmək istəyib.

connik.JPG

Bu fəaliyyət 1962-ci ilin payızında daha açıq şəkil alıb, hətta ABŞ-də Kubanı güc yolu ilə ram etmək fikri ciddiləşib. Bu isə az qala nüvə müharibəsi ilə nəticələnəcəkdi. Tarixdə “Karib böhranı” adı alan həmin münaqişədə SSRİ və ABŞ arasında nüvə müharibəsinin başlanmasını yalnız prezident Con Kennedi və SSRİ rəhbəri Nikita Xruşovun son anda qarşılıqlı şəkildə geriyə addım atmaları alıb. Yoxsa hər iki dövlətin sərt xətt tərəfdarları “düşməni yerində oturtmaq üçün sərt tədbirlər görməyin vacibliyi”ni vurğulayırmışlar.

Ondan sonra ABŞ tərəfi SSRİ dövləti durduqca Kubaya bata bilməyəcəyi qənaətinə gəlib. Bu sayədə Kastro qardaşları Kubanı yarım əsrdən artıq bir müddətdə idarə etdilər. İndi Kastrolar siyasət səhnəsindən üzrlü səbəbdən (Fudel 90 yaşında ölüb, Raulun isə artıq 94 yaşı var) çəkiliblər, amma onların təsis etdiyi rejim durur və hələ də güclüdür.

kastr.JPG

Fəqət hiss olunur ki, SSRİ-nin süqutu və Kastroların hakimiyyətdən çəkilməsi ABŞ strateqlərinə Kuba məsələsinə yenidən qayıtmaq şansı açıb. İndi Vaşinqton “Kuba alması”nı soyub-yemək istəyir. Bəlkə də Vaşinqton 1959-cu ilə qədər Kubada xalqı inlətmiş Fulxensio Batista rejiminə bərabər bir qanlı diktatura rejimi qurmaq istəmir, amma Kubanın da digər Mərkəzi Amerika ölkələri kimi sözəbaxan olmasını, “düşmən ölkələrlə dost olmaması”nı çox istəyir.

Bu məqsədlə Kubaya ABŞ tərəfindən həm siyasi, həm də iqtisadi təzyiqlər davam edir, ölkə daxilində rəğbət qrupları formalaşdırmağa, o cümlədən adada etiraz hərəkatları başlatmağa cəhdlər edilir.

“Ağ libaslı xanımlar”ın ətrafında başlanmış indiki proses bir çox siyasi dairələrdə Vaşinqtonun Kubaya qarşı köhnə planını rəfdən endirməsi kimi qəbul edilir. Çünki üzvləri “Havanada repressiv rejimin günahsız qurbanları” kimi təqdim edilən bu dissident qrupuna ABŞ-dən olan diqqət Kubada rəngli inqilaba yol açmaq layihəsi hesab olunur.

kuba.JPG

2003-cü ildə bir sıra dissidentlər Kubada təxribat fəaliyyətinə və MKİ agentləri ilə açıq əlaqələrə görə həbs edildikdən sonra "Ağ libaslı xanımlar" müxalifət qruplaşmasına çevrilib. Amerikalılar Kuba hakimiyyətinin dissidentlərə qarşı sərt hərəkətini dərhal “Qara bahar” adlandırlblar. Məşhur ispan jurnalisti, “Le Monde diplomatique” qəzetinin keçmiş baş redaktoru, Fidel Kastro haqqında kitabın müəllifi İqnasio Ramonet qeyd edir ki, onda olan məlumata görə, Kuba hakimiyyəti dissidentlərin həbsi ilə MKİ-nin məharətlə qurduğu tələyə düşüb. Onun fikrincə, amerikalılara Kubada rəngli inqilabın tətikçisi kimi “Qara bahar” lazım idi. Dissidentlər Havananın özünü dünyaya demokratiya və insan haqlarını qəsdən tapdalayan bir rejim kimi təqdim etmək üçün götürdüyü yemə çevriliblər.

İddialara görə, Kubanın digər əksinqilabi qrupları da Amerika xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir. Vaxtilə WikiLeaks saytı ABŞ Dövlət Departamentinin Vaşinqtonun Kubada rəngli inqilab təşkil etmək planlarını üzə çıxaran sənədlərini dərc edib. Sənədlərdə, xüsusən də Havanada ABŞ diplomatik missiyasının Kubanın üç aparıcı müxalifət qrupunun koordinasiya forumunu keçirməsi barədə məlumat verilir. Amerikalı kuratorlar digər ölkələrdə baş vermiş bu cür inqilabların təcrübəsini onlarla bölüşüblər.

555444.JPG

Son bir neçə ildə Kubanın hüquq-mühafizə orqanları bu ölkəyə qanunsuz olaraq “Starlink” peyk rabitəsi avadanlıqlarını gətirməyə cəhd edən ABŞ vətəndaşlarını dəfələrlə saxlayıb. “Amerikalı turistlər”in Kubalı dissidentlərə icazəsiz internet əlaqəsi yaratmağa kömək etmək cəhdlərinin qarşısı alınıb.

Bildirilir ki, Amerikanın kəşfiyyat xidmətləri kubalı müstəqil jurnalistlər və bloqerlərlə əlaqə saxlayır. Onların köməyi ilə cəmiyyətdəki əhval-ruhiyyə haqqında məlumatların toplanmasını təşkil etməyə, inqilab ideyalarına o qədər də bağlı olmayan qruplarla təmaslar qurmağa çalışırlar.

Ölkə lideri postunda Raul Kastronu əvəz etmiş Migel Diaz-Kanelin başçılıq etdiyi rejim də sələfləri qədər sərtdir və vəziyyətə nəzarət edir. Bu üzdən Kubada dissidentlərin və müxaliflərin marjinal qruplarının sayı azdır. İndilikdə onların Kubada sosial bazaları yoxdur. Bu, rejimin qəddarlığından və xroniki repressiyalarından, eləcə də Kubanın beynəlxalq təcriddə olmasından qaynaqlana bilər. Kubalılar öz kasıbyana halları ilə elə bilirlər ki, dünyanın ən xoşbəxt ölkələrindən birində yaşayırlar. Uzun illərin təbliğatı və real informasiyalara çıxışın olmaması bir çox kubalılarda belə bir qənaət yaradıb.

Kuba hakimiyyəti hər zaman Vaşinqtonu ölkənin daxili işlərinə qarışmaqda ittiham etsə də, son illərdə iki dövlət arasında yumşalma və qarış-qarış yaxınlaşma hiss olunurdu. Ancaq prezident Donald Tramp Kubaya qarşı sərt sanksiyalar rejimini bərpa edib və yenidən onun terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil edilməsi barədə göstəriş verib. Vaşinqton tələb edir ki, Havana “Kuba xalqının iradəsini azad ifadə etməsinə” və müxalifətin etirazlarına mane olmasın, olsa, ona yeni məhdudiyyətlər tətbiq ediləcək.

Araz Altaylı, Musavat.com

Chosen
30
3
musavat.com

4Sources