EN

Yerə ən yaxın ağıllı sivilizasiyaya olan məsafə açıqlandı

Ən yaxın texnoloji sivilizasiya Süd Yolu qalaktikasında Yerə təxminən 33 min işıq ili məsafədə ola bilər və insanlıqla eyni vaxtda mövcud olmaq üçün onun ən azı 280 min il, böyük ehtimalla, milyonlarla il yaşaması lazımdır.

Azreform.info xəbər verir ki, Avstriya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutundan Manuel Şerf və Helmut Lammer Helsinkidə keçirilən "EPSC–DPS 2025" konfransında bu qənaəti paylaşıblar.

Hesablamalarda əsas rolu mürəkkəb həyatın yaranması və davamlılığı üçün vacib olan şərtlər oynayıb. Planetdə atmosferdəki karbon qazının miqdarını tənzimləyən plitə tektonikası və oksigenlə, azotla zəngin atmosfer olmalıdır. Bunlar olmadan biosfer gec-tez çökəcək və texnoloji sivilizasiya yarana bilməyəcək.

Alimlər müəyyən ediblər ki, tərkibində təxminən 10% karbon qazı olan atmosfer biosferi 4,2 milyard ilə qədər dəstəkləyə bilər. Lakin texnoloji sivilizasiyanın yaranması üçün ən azı 18% oksigen lazımdır: onsuz nə iri heyvanların mövcudluğu, nə də metallurgiya üçün zəruri olan açıq alov mümkündür.

Biosferin mövcudluq müddətini və Yer üzündəki təkamül sürətini müqayisə edən tədqiqatçılar belə qənaətə gəliblər ki, bizimlə eyni vaxtda, heç olmasa, bir sivilizasiyanın meydana çıxması üçün onun ən azı 280 min il mövcud olması şərtdir. Eyni vaxtda on sivilizasiyanın yaşaması üçün isə hər birinin orta ömür uzunluğu 10 milyon ildən çox olmalıdır.

"Qalaktikamızda dünya xarici sivilizasiyaların mövcudluq ehtimalı çox kiçikdir və bu, birbaşa onların nə qədər uzunömürlü ola bilməsindən asılıdır", – deyə Şerf izah edib.

Bununla belə, onun sözlərinə görə, axtarışları dayandırmaq lazım deyil:

"Şanslar az olsa da, həqiqəti öyrənməyin yeganə yolu axtarışa davam etməkdir. Əgər heç nə tapmasaq, bu, hesablamalarımızı təsdiq edəcək, əgər tapsaq, bu, tarixdəki ən böyük elmi kəşflərdən biri olacaq".

Chosen
38
5
azreform.info

6Sources