EN

Bacadan gələn təhlükə: Yeni qanun ölkədə nəyi dəyişəcək?

Tüstü bacalarının yoxlanılması və təmizlənməsi ilə bağlı yeni qaydalar hazırlanır. Ekspertlər bu sahədə vəziyyətin hələ də qənaətbəxş olmadığını qeyd edirlər.

Yay mövsümü başa çatır, qarşıdan soyuq günlər gəlir. Bir müddət sonra pəncərələr qapanacaq, evlərdə sobalar işə düşəcək. Lakin evlərimizi isitmək üçün açdığımız o kiçik qapılar, bəzən görünməyən bir təhlükəyə yol açır. Səssiz, görünməz və ölümcül dəm qazı hər mövsüm bizi gözləyir. Statistika göstərir ki, hər il dəm qazından zəhərlənmə halları artmaqdadır. Mütəxəssislərin fikrincə, bu kimi halların əsas səbəblərindən biri tüstü bacalarındakı problemlərdir.
Son illərdə bu istiqamətdə hüquqi baza gücləndirilib. Qaz qurğularına, qaz xətlərinə, tüstü bacalarına, havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə sərt cərimələr nəzərdə tutulur. Belə ki, qaydaları pozan fiziki şəxslər 200-400 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 2500-3000 manat məbləğində cərimələnə bilərlər.

Ölkə prezidentinin “Qaz təchizatı haqqında” qanunun tətbiqi ilə bağlı bu yaxınlarda imzaladığı fərmanda da tüstü bacalarında və havalandırma xətlərində müayinənin keçirilməsi qaydalarının hazırlanması tapşırılıb. Bəs, görəsən, ölkədə tüstü bacaları ilə bağlı ümumi vəziyyət necədir? Yeni qanun bu sahədə nəyisə dəyişəcəkmi?

40 ildən çoxdur təmizlənməyən bacalar var

Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov ölkədəki tüstü bacalarının durumunu qənaətbəxş saymır. Onun sözlərinə görə, bəzi bacalar 40 ildən çoxdur ki, təmizlənmir: “Bu sahədə problemlər kifayət qədərdir. Çünki tüstü bacalarını təmizləyən konkret qurum yoxdur. Bəzi podratçı şirkətlər bu işi öz üzərlərinə götürüblər. Amma təmizləmə ödənişli olduğundan hamının imkanı çatmır”.

Ekspert vurğulayıb ki, qaz qurğularının tüstü bacaları mütləq kvartalda bir dəfə yoxlanılmalı və təmizlənməlidir: "Çünki qaz yandıqca qurum yığılır və cihazların gözü tutula bilər. Ona görə bu, mütəxəssislər tərəfindən yoxlanmalıdır. Bunu əhali özü edə bilməz. “Kirpi” deyilən bir alət var, onu yuxarıdan aşağı buraxırlar. Təmizləndikdən sonra da tüstü bacasına məşəl yaxınlaşdırırlar. Əgər məşəl tüstü bacasının dəliyinə tərəf meyllənirsə, deməli, çəkir, əgər düz qalırsa və ya əks tərəfə vurursa, onda işləmir. Bu işlə ancaq peşəkarlar məşğul olmalıdırlar".

Qaz sobalarının istismar müddətinə də diqqət çəkən ekspert deyib ki, dördgözlü sobaların istismar müddəti 20, su qızdırıcılarının isə 10 ildir: “Çox təəssüf ki, hələ də sovet dövründən qalan cihazlardan istifadə edilir. Bu, böyük riskdir. Dəm qazı yanma prosesinin natamam getməsi nəticəsində əmələ gəlir”.

“Bacaların təmizliyi dövlət hesabına olmalıdır”

Yeni qanundan gözləntilərə toxunan N.Qasımov hesab edir ki, qaydalar hazırlanarkən bütün problemlər nəzərə alınmalıdır: “Qaydalarda tüstü bacalarında və havalandırma xətlərində müayinənin keçirilməsi mexanizmləri daha detallı hazırlanmalıdır. Həm bacaların müayinəsinə, həm də təmizliyinə cavabdeh qurumlar konkret göstərilməlidir. Eyni zamanda, tüstü bacalarının təmizliyi dövlət hesabına nəzərdə tutulmalıdır. Bu halda hansısa irəliləyişdən danışa bilərik. Əks təqdirdə, qanun elə kağız üzərində qalacaq”.

Chosen
38
1
publika.az

10Sources