EN

Hamı bu avtomobillərə üstünlük verir - Səbəb bəllidir

Artıq insanlar yalnız ehtiyac üçün deyil, həm də komfort, müstəqillik və sosial status üçün avtomobilə yönəlirlər. Maddi imkanları artan insanlar müasir, komfortlu və təhlükəsiz avtomobillərə üstünlük verirlər.

Bu ilin birinci yarısında Azərbaycan 960,709 milyon ABŞ dolları dəyərində 51 727 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 % çoxdur. Hazırda Bakıda avtomobil idarə etmək nə qədər çətin olsa da, avtomobil sevgimiz azalmır ki, azalmır. Yollardakı sıxlığa, parkinq qiymətlərinə baxmayaraq, avtomobilə maraq artan templə davam edir. Statistikadan görünür ki, Azərbaycana gətirilən avtomobillərin həm sayı artır, həm də dəyəri. Maraqlıdır, avtomobil sevgimizin kökündə nə dayanır?

Sürət, zaman və status arzusu

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov “Kaspi” qəzetinə açıqlamasında bildirir ki, insanların avtomobilə olan marağının kökündə əsasən zaman qazanmaq arzusu dayanır: “Məsələyə bir qədər fəlsəfi yanaşsaq, görərik ki, bunun əsas səbəblərindən biri vaxt qazanmaq istəyidir. Müasir insan üçün vaxt ən dəyərli resurslardan biridir. Avtomobil isə bu zamanı idarə etməyin, ona nəzarət etməyin bir vasitəsi kimi çıxış edir. Bir yerdən digər yerə daha sürətli getmək, günün planına uyğun hərəkət etmək üçün fərdlər şəxsi nəqliyyatı seçirlər. Azərbaycanda avtomobilə maraq son illərin tendensiyası deyil. Təxminən 10-15 il əvvəl də ölkəyə böyük sayda nəqliyyat vasitələri idxal olunurdu. İnsanların maddi vəziyyəti nisbətən yaxşılaşıb, kredit və lizinq imkanları genişlənib. Eyni zamanda ölkədə yol infrastrukturu müasirləşib, bu da avtomobil sahibi olmağı daha mənalı və əlverişli edir. Artıq insanlar yalnız ehtiyac üçün deyil, həm də komfort, müstəqillik və sosial status üçün avtomobilə yönəlirlər”.

“Elə ailələr var ki, evlərində iki-üç avtomobil mövcuddur”

Mütəxəssis deyir ki, maddi imkanları artan insanlar müasir, komfortlu və təhlükəsiz avtomobillərə üstünlük verirlər: “Bütün ölkəni şəxsi avtomobillə səyahət etmək, ailəvi istirahətlərə çıxmaq artıq bir çox insanlar üçün həm arzu, həm də reallıq halına gəlib. Bu, təkcə nəqliyyat vasitəsi seçimi deyil, həm də yaşam tərzinin göstəricisidir. Elə ailələr var ki, evlərində iki-üç avtomobil saxlayırlar. Onlardan biri gündəlik bazarlıq, digəri isə istirahət və uzun səfərlər üçün istifadə olunur. Maddi rifah artdıqca avtomobilə olan marağın da yüksəlməsi tamamilə təbiidir”.

“Qadın sürücülərin sayı artıb”

Həmsöhbətimiz vurğulayır ki, avtomobillərin sayının artmasının növbəti səbəbi cəmiyyətdə qadın sürücülərin sayının artmasıdır: “Əvvəllər qadınlar avtomobildən daha az istifadə edirdilərsə, son illərdə alınan avtomobillərin təxminən 30-40 faizi məhz qadın sürücülər tərəfindən idarə olunur. Bu isə avtomobilə olan marağın cins baxımından da genişlənməsinə səbəb olur. Qadınlarda da həm ehtiyac, həm də maraq formalaşdıqca, ailələrdə birdən çox avtomobilə sahib olmaq adi hala çevrilir”.

Chosen
20
5
publika.az

10Sources