Bakı şəhərində yerləşən tarix-mədəniyyət abidələrinə keçirilən baxış zamanı Yasamal rayonu, Zərgərpalan küçəsi, 48 ünvanında yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş (inventar nömrəsi 3574) hamamın qanunsuz istifadə olunduğu müəyyən edilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən XQ-yə verilən məlumatda bildirilib ki,araşdırma zamanı təqdim edilən icarə müqaviləsinin müddətinin bitdiyi məlum olub. Qanunvericiliyə əsasən, tarix və mədəniyyət abidələrinin elmi, mədəni, dini, xidməti və turizm məqsədləri üçün istifadəsi, onların icarəyə verilməsi və yerli əhəmiyyətli memarlıq abidələrinin özəlləşdirilməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin razılığı ilə həyata keçirilməlidir. Həmin qeyri-yaşayış sahəsinin istifadəsi, o cümlədən icarəyə verilməsi aidiyyəti üzrə razılaşdırılmadan aparıldığı müəyyən edilib. Aşkar edilib ki, sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı 2021-ci ilin əvvəlində tarixli, icarə müqaviləsi bağlansa da, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinə əsasən, müqaviləyə 7 iyun 2023-cü il tarixindən xitam verilib. Buna baxmayaraq, abidədən qanunsuz istifadə halları davam etdirilib. Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində abidədən qanunsuz istifadənin qarşısı alınıb.
Mehparə ƏLIYEVA
XQ