Əvvəllər reklam daha çox kütləyə yönəlmişdi. Hamı üçün eyni mesaj, eyni şəkil, eyni sloqan. İndi isə fərdiləşmiş reklam dövrü başlayıb. Süni intellekt, alqoritmlər, istifadəçi məlumatları - bunlar reklamı elə hədəfləyir ki, insan sanki öz fikrini ekranında görür. Məsələn, bir dəfə internetdə "idman ayaqqabısı" axtarırsan, bir də görürsən, bütün sosial şəbəkə lentin müxtəlif ayaqqabı reklamları ilə dolub. Bu, bir tərəfdən maraqlı, digər tərəfdən qorxulu görünə bilər. Çünki reklam artıq bizim zövqlərimizi oxuyur, seçimlərimizi yönləndirir. Düşünürəm ki, bu, həm fürsətdir, həm də risk. Fürsətdir, çünki istədiyimiz məhsulu daha tez tapırıq. Riskdir, çünki bəzən seçimimizi özümüz yox, alqoritm edir. Reklamın müasir taktikalarında vizual effektlər, qısa və emosional mesajlar, interaktiv yanaşmalar üstünlük təşkil edir. TikTok və İnstagram Reels kimi platformalar brendlərə saniyələr içində diqqət qazanmaq imkanı verir. Hətta deyərdim ki, bu gün "yadda qalmaq" uzun video çəkməkdə yox, qısa amma təsirli mesaj verməkdədir. Sosial şəbəkələrdə reklamların bir digər özəlliyi isə insanlarla dialoq qurmaq imkanında gizlənib. Əvvəllər reklam sadəcə monoloq idi - marka danışır, müştəri dinləyirdi. İndi isə şərhlər, bəyənmələr, paylaşmalar vasitəsilə tamaşaçı reklamın içində iştirak edir. Bu da məhsula inamı artırır. Bütün bunların fonunda aydın olur ki, reklamın gücü sadəcə maliyyə ilə ölçülmür. Əsl güc kreativlikdədir, insanın zehnində iz buraxmaq qabiliyyətindədir. Düşünürəm ki, əgər bir reklam insanı düşündürürsə, onda o, artıq sadəcə kommersiya vasitəsi yox, sosial hadisəyə çevrilib.
Rəqəmsal və klassik marketinqin fərqli vasitələri mövcuddur, amma müasir brendlər hər iki aləti istifadə edərək necə uğurlu strategiya qura və müştərinin markaya bağlılığını necə artıra bilər? Bütün bu fikirləri bir marketoloqun peşəkar baxışı ilə də dəstəkləmək vacibdir. Mövzu ilə bağlı marketinq üzrə mütəxəssis Müşviq İskəndərov Olaylar.az-a açıqlama verib. Mütəxəssis qeyd edib ki, marketinqin əsas məqsədi ilk satış deyil, növbəti satışları təmin etməkdir:
" Dünya trendində çox təəssüflə müşahidə olunur ki, marketinq çox zaman klassik və rəqəmsal marketinq kimi iki ayrı kommunikasiya vasitəsi kimi təqdim edilir. Halbuki bu yanaşma düzgün deyil. Əslində, hər iki istiqamət vahid marketinq sisteminin müxtəlif alətləridir. Onları bir-birindən ayırmaq, sanki bir ağacın müxtəlif budaqlarını kökdən qoparmağa bənzəyir. Bu budaqlar birlikdə ağacı necə formalaşdırırsa, klassik və rəqəmsal marketinq də birlikdə bir markanın tam təsir gücünü yaradır. Rəqəmsal marketinq daha çox əlçatanlığı təmin etmək, müştərilərə birbaşa çatmaq üçün istifadə olunan alətdir və çox sürətli şəkildə ölçülə bilənlik mövcuddur. Amma klassik marketinq daha çox müştəri kimliyini formalaşdırmağa, markanın dəyərlərini və onun müştərinin algısındakı fikrini yaratmağa əsas verən amillərdən biridir. Marka strateji olaraq seçdiyi yolda innovativ davranmalı və hər ikisindən istifadə etməlidir. Müasir tendensiyalar marketinqin ana fəaliyyətinə təsir etməyən faktorlardır. Marketinqin funksiyası istehlakçı-istifadəçi, qısa desək, müştəri ilə marka arasındakı bağı yaratmaq və daimiliyi təmin etməkdir. Bir növ, hər hansısa bir alətdən istifadə edib ilk satış etmək deyil, növbəti satışları təmin etmək marketinq üçün əsas funksiyalardan biridir".
Beləliklə, reklamların tarixi səyahəti göstərir ki, insanı təsir etmək bacarığı hər zaman texnologiyanın, mədəniyyətin və ictimai dəyişikliklərin təsirinə bağlıdır. Əvvəllər reklam daha çox kütləyə yönəlmiş, hər kəs üçün eyni mesajı çatdıran bir vasitə idisə, bu gün fərdiləşmiş və interaktiv alətlər onun yerini alıb. Sosial media platformaları, süni intellekt və influencerlər reklamın daha şəxsiyyətə uyğun, real və inandırıcı olmasını təmin edir. İnsanlar artıq təkcə məhsulu deyil, onun arxasında duran həyat tərzini, dəyərləri və təcrübələri də qiymətləndirir. Bu dəyişikliklər göstərir ki, müasir reklam yalnız görünən məhsulu satmaqdan çox, istehlakçı ilə emosional əlaqə yaratmaq, ona dəyər vermək və uzunmüddətli bağlılıq qurmaq funksiyasını daşıyır. Marketoloq Müşviq İskəndərovun dediyi kimi, rəqəmsal və klassik marketinq alətləri ayrı-ayrı vasitələr deyil, vahid marketinqin müxtəlif qollarıdır. Əslində brendin gücü onun mesajını nə qədər kreativ və dərin şəkildə çatdıra bilməsində, həmçinin müştəri ilə davamlı əlaqə qura bilməsində ölçülür. Rəqəmsal alətlər sürətli, ölçülə bilən və əlçatan bir yol təqdim edirsə, klassik alətlər markanın dəyərlərini, kimliyini və uzunmüddətli nüfuzunu formalaşdırır. Müasir brendlər üçün uğurlu strategiya bu iki aləti balanslı və inovativ şəkildə birləşdirməkdir. Buna görə də reklamın bu günkü təbiəti yalnız məhsul satmaqla məhdudlaşmır o, bir mədəniyyət, bir təcrübə, bir ideya təqdim edir. İnsanların diqqətini cəlb etmək üçün brendlər artıq qısa, emosional, vizual və interaktiv mesajlardan istifadə edir, izləyicilərlə dialoq qurur və onların gündəlik həyatına nüfuz edir. Brendin fərqliliyini qorumaq, müştəri ilə səmimi və davamlı bağlılıq yaratmaq isə yalnız büdcə ilə deyil, kreativlik və strategiya ilə mümkündür.
Nəticədə, reklamın gələcəyi texnologiya və trendlərdən asılı olsa da, onun əsas məqsədi dəyişməz qalır: müştəri ilə marka arasında güclü, inandırıcı və davamlı bir bağ yaratmaq, onu yalnız ilk satışla deyil, növbəti addımlarla da brendin sadiq tərəfdarı etmək. Modern reklam dünyasında brend uğuru, insanın zehnində buraxdığı iz və onun həyatına qatdığı dəyər ilə ölçülür. Bu isə hər bir marketoloq üçün daim yenilənən, yaradıcı və strateji bir çağırışdır.
Zeynəb Mustafazadə