EN

Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolunun bərpası imkanlarını araşdıracaq

Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin danışıqlarının nəticələrinə görə Gümrü-Qars dəmir yolunun və elektrikötürücü xəttinin bərpası və istismarı üçün zəruri texniki tədqiqatların aparılması barədə razılığa gəliblər.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyanın görüşünün nəticələrinə dair açıqlamasında bildirilib.

"Bu görüş zamanı xüsusi nümayəndələr Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması prosesini irəlilətmək məqsədilə əvvəlki görüşlərdə müzakirə olunan və razılaşdırılan məsələləri təsdiqləyiblər. Bu kontekstdə onlar 1 iyul 2022-ci il tarixli görüşdə əldə edilmiş sərhədlərin demarkasiyası razılaşmasının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Xüsusi nümayəndələr bu prosesi sürətləndirmək barədə razılığa gəliblər", - qurumun məlumatında qeyd olunub.

XİN-dən bildirilib ki, tərəflər həmçinin mədəni və akademik sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün səylər göstərməyi, xüsusilə ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd imkanlarının yaradılması və Ani/İpək Yolu tarixi körpüsünün birgə bərpası yolu ilə razılaşıblar.

Xüsusi nümayəndələr S.Kılıç və R.Rubinyan, həmçinin iki ölkə arasında aviareyslərinin sayının artırılması üçün iş aparmağa razılaşıblar.

"Onlar həmçinin heç bir ilkin şərt olmadan normallaşma prosesini davam etdirməyə sadiq olduqlarını təsdiqləyiblər", - Ermənistan XİN-dən vurğulanıb.

Chosen
11
3
moderator.az

4Sources