EN

Tramp: Çarli Kırkın qatilini saxladılar, ona edam cəzası gözlənilir

ABŞ prezidenti bildirib ki, saxlanılan şəxs tez bir zamanda mühakimə olunacaq.

Tribunainfo.az xəbər verir ki, ABŞ-da sağçı aktivist Çarli Kırkın ehtimal olunan qatili saxlanılıb. Bu barədə ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində deyib.

Aparıcının “İş üzrə yeni məlumat varmı?” sualına cavab verən Tramp bildirib ki, saxlanılan şəxs, çox güman ki, həqiqi qatildir.

“Mən böyük inamla deyə bilərəm ki, biz onu saxlamışıq. Hər şey mükəmməl şəkildə işləyib (…) Yəni bəli, düşünürəm ki, indi yaxşı vəziyyətdəyik – o, həbsdədir”, – deyə ABŞ prezidenti qeyd edib.
Trampın sözlərinə görə, atıcını müəyyənləşdirmək son dərəcə çətin olub, çünki istintaqın sərəncamında yalnız çox aşağı keyfiyyətli bir fotoşəkil var idi. Lakin atıcının yaxınlarından biri həmin fotoya görə onu tanıyaraq polisə məlumat verib. Tramp ehtimal edib ki, bu, şübhəlinin atası ola bilər.

Eyni zamanda, ABŞ prezidenti Çarli Kırkın qatilinin edam cəzasına məhkum olunacağına ümid etdiyini bildirib.

ABŞ-da Çarli Kırkın qətli

Xatırladaq ki, sentyabrın 10-da Yuta ştatında kütləvi tədbir zamanı naməlum şəxs ABŞ-ın ən tanınmış sağçı aktivistlərindən biri olan Çarli Kırka atəş açmışdı. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, çox keçmədən dünyasını dəyişib.

Məlumata görə, atəş uzaq məsafədən açıldığından atıcını dərhal saxlamaq mümkün olmayıb. Sentyabrın 11-də FTB ehtimal olunan atıcının saxlandığını açıqlasa da, demək olar ki, dərhal onu sərbəst buraxmışdı. Bu isə həmin şəxsin cinayətlə əlaqəsinin olmadığını göstərirdi.

İmran Kərimli

Chosen
30
12
tribunainfo.az

8Sources