EN

Azərbaycan və Qazaxıstan ekoloji audit sahəsində əməkdaşlığı gücləndirirlər  

Qazaxıstanın Ali Audit Palatası (AAP) və Azərbaycan Hesablama Palatasının mütəxəssisləri ekologiya sahəsində keçirilmiş ekspert-analitik tədbirin nəticələrini yekunlaşdırıblar.

AZƏRTAC Qazaxıstanın Ali Audit Palatasının mətbuat xidmətinə istinadla xəbər verir ki, birgə iclas Astanada Azərbaycan Hesablama Palatası və Maliyyə Nazirliyinin rəsmi nümayəndə heyətinin işgüzar səfəri çərçivəsində baş tutub.

Ekspert-analitik tədbir hər iki ölkədə paralel şəkildə, 2024–2026-cı illər üçün dövlət audit orqanlarının əməkdaşlığını gücləndirmə planının icrası çərçivəsində həyata keçirilib. Tədbirin məqsədi ekoloji audit üzrə təcrübə və metodikaların keyfiyyətini artırmaq olub.

Ali Audit Palatası Qazaxıstanın kənd təsərrüfatı, ekoloji və təbii sərvətlər nazirliklərinin, həmçinin BMT-nin Qazaxıstandakı İnkişaf Proqramının dəstəyi ilə ekoloji auditin mövcud yanaşmalarını və metodikalarını qiymətləndirib, onların bioloji müxtəlifliyin qorunması sahəsində pilot rejimdə sınaqdan keçirilməsini təşkil edib.

AAP üzvü Rəsul Rəhimovun sözlərinə görə, ekoloji sahədə audit ətraf mühitin mühafizəsinə yönəlmiş büdcə vəsaitlərinin səmərəli istifadəsini qiymətləndirməyə, ekoloji pozuntularla bağlı riskləri üzə çıxarmağa, həmçinin ekologiya sahəsində milli və beynəlxalq öhdəliklərin icrasına nəzarət etməyə imkan verir.

İclas zamanı hər iki qurumun mütəxəssislərinin işgüzar məruzələri dinlənilib, həmçinin tədbirin nəticələri üzrə əsas qənaətlər, problemli məsələlər və onların həlli yolları açıq müzakirə olunub.

Paralel tədbirin nəticələrinə dair materiallardan hər iki ölkədə ekoloji audit sahəsində dövlət auditinin metodologiyası və təcrübəsinin inkişafı üçün istifadə ediləcək.

Chosen
81
1
azerbaijan-news.az

2Sources