ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.
“Bu cür bəyənatların səslənməsi heç də təsadüfi deyil. Biz görürük ki, artıq Ermənistanda gələn ilki parlament seçkilərinə hazırlıq gedir. Paşinyana və onun partiyasına müxalif olan qüvvələr digər bir konsepsiyanın – revanşın tərəfdarıdır. Hətta onlara dəstək verən çox sayıda xarici qüvvələr də var. Hesab edirəm ki, bu 2 siyasi konsepsiya gələcək siyasi proseslərdə özünü biruzə verəcək”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, Paşinyanın başçılıq etdiyi partiya və tərəfdaşları ölkəyə yeni növ konsepsiya təklif edir:
“Ermənistan daxilindəki siyasi prosesləri izləyərkən, belə nəticəyə gəlmək olar ki, Paşinyanın başçılıq etdiyi partiya və tərəfdaşları ölkəyə yeni növ konsepsiya təklif edir. Köhnə konseptual əsaslar onun üzərində qurulub ki, Ermənistan bəzi qüvvələrin siyasi sifarişlərini yerinə yetirsin. Onların bu tarixi təcrübəsi bir çox hallarda ermənilər üçün böyük itkilərə səbəb olurdu. Bəzən belə bir fikir səslənir ki, onların elitası özləri üçün hansısa imtiyazlar qazanıb, digər əhalini qurban verir. İndi Ermənistanda buna bənzər bir vəziyyətdir. Onlar bir neçə il əvvələ kimi fərəhlə bildirdi ki, biz Rusiyanın regiondakı forpostuyuq. Yəni onlar Moskvanın maraqlarını bu bölgədə müdafiə edirdilər. Bunun nəticəsində biz görürük ki, Ermənistanın əhalisi ölkəni tərk edir. Onlar yaxşı başa düşürdü ki, bu konfrantasiya nəticəsində digər millətlərlə yanaşı qurbanlar verən elə ermənilərin özləridir. Paşinyanın 2020-ci il müharibəsindən sonra, məhz bu siyasi mentaliteti dəyişdirmək üçün, ardıcıl şəkildə addımlar atır. Azərbaycan və Türkiyə ilə olan problemlərin həlli digər konseptual əsaslarla tənzimlənir. Yəni onlar istəyirlər ki, qonşuluq siyasətini əsas götürərkən, kiminsə maraqlarına yox, Ermənistanın maraqlarına əsaslansınlar. Bu, Paşinyanın, Simonyanın və digər hakim partiya nümayəndələrinin konsepsiyasıdır”.
Eks-nazir qeyd edib ki, bu cür bəyənatların səslənməsi heç də təsadüfi deyil:
“Bu cür bəyənatların səslənməsi heç də təsadüfi deyil. Biz görürük ki, artıq Ermənistanda gələn ilki parlament seçkilərinə hazırlıq gedir. Paşinyana və onun partiyasına müxalif olan qüvvələr digər bir konsepsiyanın – revanşın tərəfdarıdır. Hətta onlara dəstək verən çox sayıda xarici qüvvələr də var. Hesab edirəm ki, bu 2 siyasi konsepsiya gələcək siyasi proseslərdə özünü biruzə verəcək. Axırda biz görəcəyik ki, Ermənistan əhalisi kimə səs verəcək. Bəli, müharibənin və münaqişənin təsirləri 1 il yox, 10 il yox bəlkə də daha uzun çəkəcək, amma əbədi olmayacaq. Çünki biz digər ölkələrin təcrübəsində də bunu görürük. Məişət səviyyəsində hansısa gərginliyin olması istisna olunmur. Hətta bununla bağlı xüsusi bir termin də var: məişət millətçiliyi. Bu həmişə olub və insanlara məxsus olan bir məsələdir. Amma normal münasibət, bəlkə də turizm məsələləri bu gərginliyin hansısa müddətdən sonra aradan götürülməsinə şərait yaradacaq”.
Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxışında bildirib ki, ermənilər və azərbaycanlılar Moskvada bir yerdə bizneslə məşğul olurlar, dostdurlar, ad günlərində bir-birlərinə qonaq gedirlər. Eyni şey başqa ölkələrdə də olur:
“Bəli, həm bizim, həm də onların yaraları təzədir. Məgər biz insan öldürməmişik? Məgər Azərbaycan tərəfindən öldürülməmişik? Bu həssaslıq hər iki tərəfdə var, lakin prioritet və vacib olan kommunikasiyaların mümkün qədər tez açılmasıdır. Ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, bizim vahid Ermənistan-Azərbaycan ticarət bazarımız olacaq. Mağazalarımızda Azərbaycan məhsulları satılacaq. Bakıda və digər şəhərlərdəki mağazalarda isə erməni malları satılacaq. Bütün bunlar qaçılmazdır”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.